Deputatlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri dayandırmasını, Avronest PA-dan çıxmasını təklif edir
01.05.2026

​Bu gün qalib ölkənin parlamenti olaraq biz, 30 aprel tarixli növbəti anti-Azərbaycan qətnaməsi fonunda hər hansı bağımızın və dərin əlaqələrimizin olmadığı Avropa Parlamentinə yenidən zaman ayırmağa məcburuq.

 Bunu  Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, hətta öz yurisdiksiya coğrafiyasında belə nüfuzunu çoxdan itirmiş təsisat olan  Avropa Parlamenti ilə bağlı hər hansı siyasi prioritetimiz yoxdur: “Bu siyasi bataqlıq  Azərbaycandan əl çəkmək istəmir. Təbii ki, nə qədər uzaq durmağa çalışsaq da, suverenliyimizə qarşı növbəti siyasi təxribat olduğu üçün belə çirkab yuvalarını cavabsız buraxmaq olmaz. Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq “söz yığını” heç bir formada hüquqi sənəd adlana bilməz. Çünki özlüyündə bu "siyasi şantaj" hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır”.

Deputat  Elşən Musayev  Avropa Parlamenti ilə bütün əlaqələrin dayandırılmasını, Azərbaycanın  Avronest Parlament  Assambleyasından çıxmasını təklif edib.

Deputat  Zaur Şükürov qeyd edib ki, Avropa Parlamenti Ermənistanla bağlı “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə qəbul edərək, növbəti dəfə Azərbaycanı hədəfə alıb: “Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır: “Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir”.

Parlamentin  İnsan hüquqları komitəsinin sədri  Zahid Oruc deyib ki, son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməyə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük: “2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra  AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər. Hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəraət tələb edərdilər. Son 35 ildə ilk dəfə  AZAL təyyarəsi İrəvana gedib-təhlükəsiz şəraitdə Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar. Belə bir vaxtda, barışa və təhlükəsizliyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar”.

Milli  Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov qeyd edib ki, Avropa Parlamenti 2015-ci ildə də Azərbaycana qarşı heç bir çərçivəyə sığmayan qətnamə qəbul etmişdi: “Azərbaycan Parlamenti 2016-cı ildə bu qurumla bütün əlaqələri kəsmişdi. Ancaq  Azərbaycan sonradan konstruktiv və humanist addım atıb, əlaqələri bərpa etdi. Onlar xahiş etmək yox, yalvarırdılar. Onlar hətta rəsmi sənəd təqdim etmişdilər ki, bir daha belə şeylər etməyəcəklər. Buna görə də  Azərbaycan Parlamenti öz qərarını dəyişdi və əməkdaşlığa yenidən başladı. Ondan sonra isə  Azərbaycan əleyhinə 13 qətnamə qəbul edildi. Hər bir uğur  Avropa Parlamentində  Azərbaycan əleyhinə bir qətnamə ilə müşahidə edilib”.

visiontv.az