Bakı dilindən istifadə etməyin: İranda türk dilinin təhrif edilməsi davam edir
14.08.2024

İranda türk dilinin təhrif edilməsi və farslaşdırılması istiqamətində fəaliyyətlərin davamında Şərqi Azərbaycan əyalətinin Radio Televiziya Qurumunun başçısı Əkbər Rzayi də prosesə qoşulub.

O, Azərbaycan Respublikasının rəsmi dövlət dilini "Bakı dili" adlandırıb və bunun İranda istifadə edilməsindən narazılığını bildirib.

 Rzayi əyalətin Səhənd televizyasının xəbərlər proqramında "yanğın" sözü işlədildiyini nümunə göstərib və bu sözün yerinə farsca qarşılığı olan "atəşsuzi" lüğətindən istifadə edilməli olduğunu deyib.  

"Xəbərdə "atəşsuzi" sözü üçün "yanğın" dedilər, mən də xəbərdarlıq etdim ki, bu söz qətiyyən o mənanı daşımır”,- Radio Televiziya Qurumunun başçısı Azərbaycan türkcəsində olan sözün işlədilməsinə irad tutub.

Rza Əkbərinin iddiasının əksinə olaraq, Təbrizin mərkəzində yerləşən və Qacarlar dönəmində inşa edilən 23 metr hündürlüyü olan "Yanğın" qülləsini təbrizlilər hələdə tarixi türk adı ilə çağırır, "yanğın"a "atəşsuzi" demirlər.

Qeyd edək ki, bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli də, Azərbaycan dilində nəşr olunan kitabların dili ilə bağlı narazılıq edib.

O, açıqlamasında İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcəyini söyləyib.

“Türk dilinin müxtəlif ləhcələri var. Qonşu ölkələrdə də bu dil fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili İranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır”, - Güli bildirib.

İran rəsmilərinin Güney Azərbaycanda yeni ”ədəbi dil qaydası” tətbiq etmək istiqamətindəki fəaliyyətləri Tehranın Azərbaycan Respublikası ilə Güney Azərbaycanı mənəvi baxımdan ayırmaq planlarının tərkib hissəsidir.

visiontv.az