"Azərbaycanın gücü - təhlükəsizliyinin gücüdür!" - VİDEO
"Azərbaycanın gücü - təhlükəsizliyinin gücüdür!" - VİDEO
28.03.2025 Şöhrət El-Dəniz Tərəfindən

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə təhlükəsizlik orqanlarının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayır. Quruma ilk rəhbər Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilib. 1918-ci ildə yaradılan təhlükəsizlik orqanları 106 il ərzində Azərbaycanın keçdiyi fərqli siyasi formasiyalarda, fərqli adlar altında fəaliyyət göstəribdir. Bu baxımdan təhlükəsizlik orqanlarımızın tarixini üç dövrə - cümhuriyyət, sovet və müstəqillik illərinə bölmək daha doğru olardı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən təqribən bir il sonra denikinçilər, bolşeviklər, erməni-daşnak birlikləri və ingilis ekspedisiya qüvvələrinin fəaliyyətinə qarşı Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də hərbi nazir general Səməd bəy Mehmandarovun və Baş qərargah rəisi general Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri də Kəşfiyyat və əks-kəşfiyyat bölməsidir. Hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi «düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir». Bu o dövr idi ki, şimalda yerləşən ağqvardiyaçı general Denikinin zabitləri çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, təbliğatlar aparır, yaratdıqları könüllü ordunun sıralarını genişləndirməyə çalışır, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədilə Azərbaycan ordusunun tərkibinə qatılırdılar. Azərbaycanda belə şəxslərdən ibarət geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. Cumhuriyyətin əks-kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də denikin cəsusları ilə yanaşı hakimiyyətə can atan bolşevizimlə mübarizə idi. Ona görə də çox keçmədi ki, Azərbaycan parlamenti 1919-cu il iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan  Əksinqilabla Mübarizə Təşkilatını yaratdı. Və bu quruma rəhbəri Nağı bəy Şeyxzamanlı təyin edildi. 1919-cu il iyunun 11 dən 1920-ci il martın 6 dək fəaliyyət göstərdiyi dövrdə Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları yüzlərlə uğurlu əməliyyatlara hazırlanıb həyata keçirdilər. Bu qurumun əməkdaşları erməni-daşnak birliklərinə və cəsus şəbəkəsinə qarşı ciddi mübarizə apardı. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları tərəfindən saxlanılan və həbs edilən şəxslərin əksəriyyəti də ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayət idi. Özü də erməni casusları bütün qüvvələrə işləyirdilər. Əldə etdikləri məlumatları denikinçilərlə yanaşı, həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər.  Təssüf ki, bütün bu cabalara baxmayaraq 1920-ci ildə Azərbaycan Cumhuriyyətinin süquta uğraması ilə Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətinə son qoydu. Qurumun rəhbəri Nağı bəy Şeyxzamanlı və bəzi əməkdaşlar Türkiyəyə mühacir etməyə məcbur oldular. Bəzi əməkdaşlar isə Azərbaycanda qalaraq bolşeviklərlə qarşı mübarizə apardılar. Onların əksəriyyəti silahlı qarşıdurmalarda həlak oldu və həbs edilərək güllələndilər. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yuksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: «Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhvələrini vermişdir».  Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da, Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra milli nümayəndələri öz xalqına, vətəninə sədaqətlə xidmət etdi. Və bu tendensiya Ümumilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövürdə daha da inkişaf etdi. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarında milliləşmə siyasətinin aparılmasında, azərbaycanlı kadrların irəli çəkilməsində böyük cəsarət və prinsipiallıq göstərdi. Gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında Ulu Öndərin böyük xidmətləri oldu. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini doğurdu. 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi yaradıldı. Lakin respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq, xaos 1991-1993-cü illərdə qarşıya qoyulan vəzifələri peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı. Və yenə də xalqın imdadına Ümumilli Lider Heydər Əliyev gəldi. Ümumilli Lider xüsusi xidmət orqanlarının qaşısında peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Bununla da Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş dövrü məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıqla bağlı idi. 
Bu gün Ulu Öndərin siyasi xəttini inamla və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, ölkə əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması, maddi-texniki bazanın təkmilləşdirilməsi, peşəkar kadr potensialının formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində Dövlət Təhlükəsizliyi Xidmətində bütün imkanlar səfərbər edildi və ciddi islahatlar həyata keçirildi. Bu baxımdan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci il Vətən müharibəsindəki rolu Azərbaycanın zəfərində strateji əhəmiyyət kəsb edən bir çox istiqamətlərdə özünü göstərdi. Diversantların və terrorçuların ifşası, kəşfiyyat-sabotaj əməliyyatlarının qarşısının alınması, düşmənin hərbi planlarının ifşası, Ermənistanın kəşfiyyat fəaliyyətinin neytrallaşdırılması, hədəflərin koordinasiyası, düşmənin dezinformasiya kampaniyalarının qarşısının alınması, hərbi əsirlər və itkin düşənlərlə bağlı işlər, həmvətənlərin mənəvi dəstəyinin təşkili və digər mühüm addımlar müharibə dövründə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının əsas vəzifələri oldu. 44 günlük 2-ci Qarabağ müharibəsi və 23 saatlıq anti-terror əməliyyatında DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının pərdəaraxasında apardığı savaş bu gün məhkəmədə ədalət qarşısında mühakimə edilən erməni separatçı liderlərin həbs edilərək Bakıya gətirilməsi ilə nəticələndi. Hazırda Azərbaycan təhlükəsiliz orqanları tək Azərbaycanda deyil, Cənubi Qafqazda sabitliyin mövcudluğuna qarant olan bir qüvvəyə çevrilib. Əməkdaşlarının peşəkarlığı, innovativ yanaşmaları və beynəlxalq əməkdaşlığı regionda uzunmüddətli sülhməramlı siyasətin təməli kimi qiymətləndirilir. Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətləri ilə öz tarixlərinin şərəfli səhifələrini yazırlar.

Peşə bayramınız mübarək!

Şöhrət El-Dəniz

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8