“Dostlarımız sevinsin, düşmənlərimiz isə Ədliyyə Nazirliyimizi qaralama kampaniyası aparmaqlarının boşuna olduğunu anlamağa başlasınlar.”
Visiontv.az xəbər verir ki, bu sözləri @newsbaku_az-a saytına açıqlamasında “Azərbaycan – Ukrayna Beynəlxalq Alyansı” rəhbəri Elmar Məmmədov bildirib.
Ədliyyə Naziri Fərid Əhmədova müraciət ünvanlayan alyans rəhbəri fəaliyyətdə olduğu müddət ərzində görülən işlərdən, təşkilatın Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda istər tədbirlərlə, istər keçirdikləri görüşlərlə apardığı təbliğatdan bəhs edərək bu istiqamətdə yeni addım atmağı hədəflədiyini ifadə edib.
Elmar Məmmədov həmçinin Ədliyyə Nazirliyində son 1 ildə görülən işlərdən, təqdirəlayiq yeniliklərdən, Penitensiar Xidmət mərkəzlərində məhbusların qidalanması və saxlanma şəraiti ilə bağlı müsbət fikirlərini dilə gətirərək qeyd edib:
“Bu gün Azərbaycanda məhbuslarla bağlı xeyli inkişaf göz önündədir. İstər məhbusların qidalanması, istər saxlanma şəraiti, istər onların boş zamanlarında özfəaliyyətlə məşğul olma imkanları Azərbaycanda hər kəsdə, xüsusən də məhbus yaxınları tərəfindən müsbət qiymətləndirilir. Bu yeniliklər Ədliyyə Nazirliyinin inkişafının göstəricisidir.”
Sonda “Azərbaycan – Ukrayna Beynəlxalq Alyansı” rəhbəri Elmar Məmmədov Ədliyyə Nazirliyinə müraciət edərək Penitensiar Xidmət mərkəzlərində monitorinq aparılması və xidmət keyfiyyətinin ölçülərək dünya mediasında geniş təbliğ edilməsini xaiş edərək hazırkı dövrdə bunun vacibliyini xüsusi olaraq qeyd edib. Müraciət Ədliyyə Nazirliyinə göndərilib. Müsbət cavab gələrsə nazirliyin müvafiq şöbələrində aparılan işlərin, yeni inkişaf perspektivləri haqqında dünya mediasında geniş yazılar yazılacağını, geniş təbliğ ediləcəyini qeyd edib.