Atam bizə gəlmişdi...
31.03.2024

Atam 20 ildir ki, bizi tərk edib, küsüb gedib - Qaxdadır. Biz də hər Novruzda gedirik, kəndini, evini ziyarət edirik...

Amma bu günlərdə özü gəlmişdi... Bilmirəm həqiqətdi, nağıldı, bəlkə məni qara basırdı?! Hamı yatmışdı, gecə yarıdan keçmişdi, qapının tıqqıltısı gəldi. Mən adətən gec yatıram, gecələr yazılarımı yazram. Qapının zəngi də var, gecənin bir aləmində görəsən bu, kim olar? Ayağa dururam, “kimdir?” sualına cavab almıram, sakitcə qapını açıram...

Arif müəllimdir... Keçən 20 ildə heç dəyişməyib, elə 70 yaşındadır. Kepkası sağ əlində, qəhvəyi pencəyi əynindədir. Ona yaman yaraşır, xeyrə-şərə geyərdi... Seyrək, ağ saçları dağılıb, sol əli ilə, adəti üzrə, saçlarına sığal çəkir. Məni görən kimi gülümsəyir, kişi gülümsəməyi bacarır - elə bil ki, gün çıxır. Kandarda görüşmək istəmirəm, içəri dəvət edirəm. Əvvəl əlimi sıxır, möhkəm sıxır, birr-birimizə baxırıq, doyunca baxırıq... Sonra qucaqlaşırıq, bərk-bərk qucaqlaşırıq, bir-birimizin qoxusunu alırıq. Qoxu həmin qoxudur, heç dəyişməyib, amma əli kimi, üzü də soyuqdur... Ölümün üzü soyuq olur deyirlər...

Yatanları oyatmamaq üçün sakitcə qonaq otağına keçirik. Atam divanda oturur, mən üzr istəyirəm, mətbəxə keçirəm. Çaydanı qazın üstünə qoyuram, kişi təzədəm sevəndir. Qayıdıram, şkafın üstündəki, çərçivədəki şəklə baxır... 50 il bundan qabaq çəkilib bu şəkil, burda onun 40, mənim 10 yaşım var, anam da hələ cavandır, bacılarım lap uşaqdır. Sonra atam baxışlarını şəkildən ayırır, mənə baxır, həsrət gözlərimiz rastlaşır. Baxırıq, baxırıq, gözümüzü çəkmirik, sükutu narahat etmirik...

Hardasa tay-tuş olarıq, atam 70, mən 60 yaşındayıq... Amma mən yenə şagirdəm, o, müəllim... Mən soruşuram, o, cavab verir...

-Ata, mənim dalımca gəlmisən?

-Yekə kişisən, amma düzəlmirsən ki, düzəlmirsən... Bu nə sözdür deyirsən, sən özündən danış, uşaqlar neyniyir?

-Hər şey öz qaydası ilə gedir, uşaqlar böyüyür, mən qocalıram. Həyat və ölüm haqqında çox düşünürəm, ata, yəqin yaşdandır, son vaxtlar lap çox düşünürəm. Amma aydınlıq gətirmək istədiyim fikirlərin içində, həyat-ölüm labirintində itib-batıram...

-Həyat beşikdən qəbrə uzanan, bu dünyadan o dünyaya aparan bir yoldur, oğul, həyatın fəlsəfəsi budur. İnsan yolun başlanğıcında bu yol haqda, ortasında öz taleyi haqda, sonunda getdiyi yer haqda düşünür. Sən hələ yolun ortasındasan, özün haqqında düşünən vaxtındır. Amma narahat olmağa dəyməz, ölüm həyat qədər qorxulu deyil. Həyatdan fərqli olaraq, ölümün ağrıları, acıları yoxdur, əksinə, ölüm bütün ağrıların və acıların sonudur...

-Bəs, niyə biz qəddar həyatı sevirik, amma xilaskar ölümə nifrət edirik?Ağlaya-ağlaya yaşadığımız dünyanı ağlaya-ağlaya tərk edirik...

-Mən ömrüm boyu oxudum,bu suala cavab axtardım. Nəhayət tapdım, amma gec oldu... Həyat dərk olunan, ölüm isə, dərk olunmayan zərurətdir. İnsan sadəcə olaraq, hara getdiyini, başına nələr gələcəyini bilmir. Ona görə də, ölümdən bu qədər qorxur, həyatdan bu qədər bərk yapışır, buraxmır. Həyat eşqi sadəcə olaraq, ölüm qorxusunun törəməsidir, insanın bütün varlığına hakim kəsilir... Mən görüb gəlmişəm, birmənalı deyirəm, ölümdən bu qədər qorxmağa dəyməz...

Qalib ARİF

visiontv.az