Tədqiqatçılar Hind okeanının cənubunda yerləşən Kergelen adalarında naməlum pinqvin növü aşkar ediblər. Mütəxəssislər bunun son yüz ildən artıq müddət ərzində qeydə alınan ilk yeni pinqvin növü olduğunu bildirirlər.
Visiontv.az xəbər verir ki, bu barədə "ScienceDaily" nəşri məlumat yayıb.
Yeni kəşf olunan növə "Pygoscelis kerguelensis" adı verilib. Əvvəllər bu quşlar Papua pinqvinləri fəsiləsinə aid edilsə də, aparılan genetik araşdırmalar nəticəsində bu populyasiyanın digər nümayəndələrdən ciddi şəkildə fərqləndiyi sübuta yetirilib.
On fərqli koloniyadan olan 64 pinqvinin tam genomunu təhlil edən alimlər əvvəllər tək bir növ kimi qəbul edilən quşların əslində dörd müstəqil növdən ibarət olduğunu müəyyənləşdiriblər. Bundan əlavə, indiyədək alt növ hesab olunan daha üç populyasiyanın da ayrıca növ kimi tanınması təklif edilib.
Tədqiqatçıların hesablamalarına əsasən, bu dörd növ təxminən 300-500 min il əvvəl təkamül prosesi zamanı bir-birindən ayrılıb. Bu ayrılmanın əsas səbəblərindən biri uzaq adalarda yaşayan populyasiyaların uzun müddət coğrafi təcrid vəziyyətində qalması olub.
Alimlər həmçinin xəbərdarlıq edirlər ki, iqlim dəyişiklikləri yeni növün həyatda qalması üçün ciddi təhlükə yarada bilər. Mövcud iqlim modellərinə görə, 2050-ci ilə qədər bu quşların hazırda məskunlaşdığı bütün adalarda onlar üçün uyğun yaşayış mühiti darala bilər.
Antarktida yarımadasında, Cənubi Atlantika adalarında və Subantarktika arxipelaqlarında yaşayan Papua pinqvinləri suda ən sürətli hərəkət edən pinqvin növlərindən biri sayılır. Bu quşlar üzərkən saatda təxminən 36 kilometrə qədər sürət yığmaq qabiliyyətinə malikdirlər.
visiontv.az