Yavaş-yavaş kartlar açılır...
Yavaş-yavaş kartlar açılır...
26.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Bizim başımız burda Ağadadaşın baltalı macərasının müzakirəsinə qarışdığı bir vaxtda, ermənilər isə qlobal miqyaslı fəaliyyətlərini davam etdirməyə, dünya liderləri ilə ilişgilərini dərinləşdirməyə davam edirlər...

Bu arada ermənilər ötən həftə Londonda keçirilməsi planlaşdırılan, lakin baş tutmayan Əliyev-Paşinyan görüşünün məhz Makron tərəfindən məkrli üsulla pozulduğunu artıq etiraf etməyə başlayıblar. Yavaş-yavaş kartlar açılır...

Bir 5 nəfər və mətn şəkili ola bilər

Ermənilər həmçinin bütün dünya ermənilərini prezidentlik müddəti başa çatmaqda olan Co Baydenə təşəkkür etməyə çağırırlar. Səbəb? Çünki Bayden yeganə ABŞ prezidentidir ki, 2021-ci ildə qondarma “erməni soyqırımı”nı rəsmən tanıyıb. Təkcə bu “xidmət”inə görə günün birində İrəvanda Baydenin heykəli qoyularsa, biz buna da əsla təəccüblənməməliyik.

Ermənilər Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyirlər. Niyə? Çünki 2023-cü ilin 24 aprelində K.Harris də “X” (keçmiş Tvitter) platformasında qondarma “erməni soyqırımı” ilə bağlı paylaşım etmiş, “genosidə məruz qalmış 1,5 milyon erməni”nin xatirəsinin heç vaxt unudulmayacağını bildirmişdi.

ANKA başda olmaqla Amerikadakı bütün ermənilər qarşıdakı seçkilərdə məhz Harrisə səs verməyi planlaşdırırlar. Ancaq bu dəstəyin müqabilində Harrisin qarşısında iki şərt qoyurlar:

1) Harris prezident seçiləndən sonra Azərbaycana sanksiya tətbiq etməlidir,

2) 2023-cü ilin 19-20 sentyabrında Qarabağı tərk etmiş ermənilərin geri qayıtmalarını təmin etməlidir.

ABŞ ermənilərinin aparıcı diaspor qurumu olan ANKA-nın şantaj xarakterli bu tələblərinə Harrisin necə reaksiya verməsi barədə isə hələlik heç bir məlumat yoxdur.

Amma görünən budur ki, ermənilər Harrislə “bazarlıq” etmək, anlaşmaq üçün hər cürə vasitələrə əl atacaqlar.

Avropa İttifaqı Şurasının Avropa Sülh Fondundan Ermənistan ordusu üçün 10 milyon avro dəyərində yardım ayırması isə erməniləri əməlli-başlı ruhlandırıb. Ermənilərin sosial şəbəkələrdəki rəylərində revanşizm əhval-ruhiyyəsi diqqət çəkir. Bir sözlə, Avropa İttifaqı bu yardımı ayırmaqla ermənilərin ağzını sülhə yox, savaşa yönəltdi. ABŞ, Fransa və Avropa İttifaqı Paşinyana Azərbaycanla sülh bağlamağa imkan verməyəcəklər.

P.S.

Bizim diasporumuz və lobbimiz də dünya liderləri ilə, xüsusən də ABŞ prezidentliyinə hazırkı namizədlərlə işləməyi bacarmalıdır...

Bəybala Mirzəyev

visiontv.az