TDT üzvləri arasında yalnız iki dövlət – Türkiyə və Azərbaycan müstəqil siyasət yürüdür
TDT üzvləri arasında yalnız iki dövlət – Türkiyə və Azərbaycan müstəqil siyasət yürüdür
05.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Qlobal siyasi ittifaqlar, hərbi bloklar, iqtisadi alyanslar ilk növbədə məhz balaca dövlətlərin “ovlanma”sına, “əridilmə”sinə xidmət edir. Bu ittifaqları, blokları, alyansları yaradan iri dövlətlər kiçik dövlətləri qısnama, zor, təzyiq, şantaj və ya ən yaxşı halda şirnikləndirmə yoluyla öz tərəflərinə çəkir, onlara təntənəli surətdə üzvlük statusu verir və beləliklə, onların hesabına öz siyasi, iqtisadi və hərbi güclərini, qüdrətlərini artırırlar.

Dünən Belarusla da eyni hadisə baş verdi. Belə ki, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında Belarus dövlətinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul edilməsi barədə qərar verildi. Vəssalam, bununla da Belarusun “kəbin”ini tam olaraq kəsdilər, “kitab”ını bağladılar. Belarus onsuz da Rusiya ilə “İttifaq Dövləti”nə daxil idi, indi də rəsmən ŞƏT-in “subyekt”lərindən birinə çevrildi.

Lakin Belarus hədəfdə olan yeganə dövlət deyil. Moskva və Pekin bütün Mərkəzi Asiya respublikalarını, Cənubi Qafqaz ölkələrini, ərəb dövlətlərini və s. özlərinin “patron”luq etdikləri BRİCS və ŞƏT-nın “çətiri altına yığmağa çalışırlar. Ötən yazıda qeyd etdiyim kimi Azərbaycan və Türkiyə də hədəfdədir. Putin və Si Zinpin bunun üçün əllərindən gələni edirlər.

Yeri gəlmişkən, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də də qeyd olunub ki, “Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”.

Maraqlıdır ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də bəyan edib ki, “bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq”...

Əlbəttə, Tokayev belə bir proqnozla çıxış etməyə tələsib. Çünki Qoşulmama Hərəkatında xüsusi fəallığı ilə seçilən Azərbaycanın gündəmində bu gün ŞƏT-na və ya BRİCS ittifaqına qoşulmaq planları yoxdur. Heç Türkiyə də buna can atmır. Çünki Ankara Rusiya və Çinin dünyanı sürətlə qütbləşdirmə planlarının həyata keçirilməsi üçün ŞƏT və BRİCS-dən alət kimi istifadə etdiklərini başa düşür.

Ancaq bu tendensiya, nədənsə, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan Mərkəzi Asiya respublikalarını isə elə də ciddi narahat eləmir. Çünki onların öz müstəqil mövqeyi yoxdur. Təəssüflə qeyd etməliyik ki, hazırda TDT üzvləri arasında yalnız iki dövlət – Türkiyə və Azərbaycan mümkün qədər müstəqil siyasət yürüdür. Türk Birliyinin və Türk NATO-sunun yaradılması üçün isə təkcə Türkiyə və Azərbaycanın deyil, TDT-nın bütün üzvlərinin müstəqil siyasət yürütmələri vacibdir.

Bu gün türk dövlətləri bir araya gəlib öz ittifaqlarını qurmasalar və yeni qütb formalaşdırmasalar, bir müddətdən sonra onlar ya Qərbin, yadaki Rusiya və Çinin hökmranlıq etdiyi ittifaqlarda qapazaltı ölkələrə çevriləcəklər. Bunu önləmək üçün Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək Zirvə toplantısında yeni strategiya müəyyən olunmalıdır...

(ardı var)

Yazının əvvəli bu keçiddə:

https://visiontv.az/.../ankara-ve-baki-set-e-uzv-olmaga...

Bəybala Mirzəyev

visiontv.az