Şərqi Azərbaycanda ekoloji problem: Təbiət abidəsi qurudu
27.07.2024

Təbriz-Ocan (Bostanabad) arasında, Təbrizin 30 kilometrliyində yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Quru göl quruyub.

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK məlumat yayıb.

Gölə axan su qaynaqlarının istiqaməti dəyişdirildiyi, gölün illik su payının buraxılmamasına görə göl tamamilə məhv olmaq üzrədir.

Bundan bir müddət əvvəl də, Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə mediaya açıqlamasında gölün qurumaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi. 

“Qurugölə axan su qaynaqlarının qarşısı kəsilib, illik su payının yalnız 10 faizi buraxılır”- deyə,  Qafarzadə bildirmişdi.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

visiontv.az