Səksəkəli seçki
19.03.2024

Putin bu seçkilərdə 87,28 faizlə qalib gəlsə də, lakin 1993-cü il oktyabr hadisələrini çıxmaq şərti ilə son 30 ildə Rusiyada seçkilər heç vaxt bu qədər qorxu, səksəkə altında, narahat şəraitdə keçməmişdi.

Bir tərəfdən hətta paytaxt Moskva da daxil olmaqla, Rusiyanın müxtəlif şəhərlərinə dron hücumlarının təşkil olunması, neftayırma zavodlarında partlayışların baş verməsi, digər tərəfdən isə seçki məntəqələrinin yandırılması, seçki bülletenlərinin korlanması kimi hallar bundan öncəki seçkilərdə müşahidə olunmayıb. Ukrayna tərəfində vuruşan “Rus Könüllülər Korpusu”nun və “Rusiyaya azadlıq” legionunun döyüşçüləri də bu arada xeyli fəallaşıblar.

Bütün bunlar, əlbəttə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin sədaları, fəsadlarıdır. Necə deyərlər, Rusiya Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatın qarşılığında psixoloji müharibə ilə üzləşdi.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Vladimir Putini Rusiya prezidenti adlandırmayacağı barədə qərarı da sözügedən psixoloji müharibənin bir tərkib hissəsidir. Belə ki, Xarici İşlər Nazirliyinin sözçüsü Sebastian Fişer Almaniya hökumətinin Putini prezident adlandıracağı ilə bağlı suala cavab olaraq bildirib ki, son vaxtlar Almaniya XİN-i heç bir rəsmi titul olmadan yalnız Putin soyadından istifadə edir.

Ümumiyyətlə isə, Qərb hazırda Rusiya ilə ciddi qarşıdurmada olduğuna görə Putini legitim lider kimi qəbul etmir.

Lakin seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra Putinin keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər isə onu göstərdi ki, Qərbdə onun haqqında nə düşünmələri Putinin elə də vecinə deyil. Adam müharibəni davam etdirməkdə və dünyanı nüvə silahı ilə hədələməkdə qərarlıdır.

Bəybala Mirzəyev

visiontv.az