Rusiya XİN Brüssel danışıqlarına dair sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir
18.04.2024

Rusiya XİN Brüssel danışıqlarına dair sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir

Rusiya Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Ermənistandan dəqiq reaksiya gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Ermənistandakı Rusiya hərbi bazası və sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəz edilməsi planının razılaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, İrəvan daha əvvəl Qərb ölkələri ilə əməkdaşlığın üçüncü ölkələrə qarşı istiqamətlənmədiyini əmin edib.

“Bu faktorları nəzərə alaraq, Ermənistan hakimiyyətindən yayılan məlumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bütün hallarda söz rəsmi İrəvanındır”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarov qeyd edib ki, “qərblilər Cənubi Qafqazdakı qonşuları arasında çəkişmələr yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir”.

“Brüsseldəki görüş zamanı həqiqətən də İrəvana Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Moskva təəccüblənməyəcək”, - XİN sözçüsü vurğulayıb.

visiontv.az