Ramazan ayı ilə bağlı FƏTVA VERİLDİ
09.04.2021

Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. İdarənin mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

Fətvada deyilir:

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bildiririk ki, bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcəkdir.

İnşallah, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcəkdir. Qazılar Şurası xalqımıza tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Allah oruc və namazlarınızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!