Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın
Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın
17.07.2024 Elxan Şahinoğlu Tərəfindən

Erməni mətbuatında yayımlanan iddiaya görə, guya baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, o Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Konstitusiyanı dəyişdirəcək. Başqa sözlə Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib. Belə bir vədin olub-olmadığını söyləmək çətindir.

Nikol Paşinyan heç imzaladığı 9 noyabr bəyanatını yerinə yetirmədi, qoşunlarını Qarabağdan çıxartmadı, bunu biz etdik, onun şifahi vədini yerinə yetirəcəyinə inanmaq olarmı? Digər tərəfdən yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz. Nikol Paşinyana qarşı sui-qəsd həyata keçirsələr, onun yerinə keçən Bakıya verdiyi vədi yerinə yetirəcəkmi?

Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın. Rəsmi Bakı da anlayır ki, sərhədlərin müəyyənləşməsi vaxt aparacaq və bu sülh sazişinin imzalanmasına mane olmamalıdır. Ancaq Ermənistan Konstitusiyasında qonşusunun ərazisinə iddiaları əks etdirən bəndlərin sənəddən çıxarılması qeyri-müəyyən illərə saxlanılmamalıdır. Bunun həllinin başqa yolu il ərzində imzalanması ehtimal olunan çərçivə sazişində Ermənistanın yaxın iki il ərzində Konstitusiya dəyişikliyinə gedəcəyi barədə üzərinə konkret bəndlə öhdəlik götürməsidir. Anlamalıdırlar ki, Ermənistanda baş nazir kim olursa-olsun bu öhdəliyin yerinə yetirilməməsi onlara baha başa gələcək.

Elxan Şahinoğlu

visiontv.az