Parisin Bakı ilə savaşı getdikcə daha tünd xarakter alır
Parisin Bakı ilə savaşı getdikcə daha tünd xarakter alır
29.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Rəsmi Parisin və fransız mediasının Yeni Kaledoniyanı əldə saxlamaqdan ötrü Azərbaycanla apardığı ölüm-dirim savaşı getdikcə daha tünd xarakter alır, kəskinləşir.

Fransızlar Yeni Kaledoniyanı Fransanın "arxa bağça"sı hesab edirlər. Fransa prezidenti Emmanuel Makron isə Yeni Kaledoniya üzərində nəzarəti qoruyub saxlamağı Fransa dövləti və fransız xalqı üçün imic məsələsi, nüfuz amili hesab edir.

Makronun xəstə məntiqinə görə, əgər Yeni Kaledoniya üzərində fransız neokolonializminə son qoyularsa, bu, Fransanın beynəlxalq aləmdə nüfuzunun tamamilə sarsılmasına gətirib çıxara bilər.

Məhz buna görə də Paris Yeni Kaledoniyadan, necə deyərlər, dördəlli yapışıb. Makronun Yeni Kaledoniyaya təcili səfər etməsi də elə bu narahatlığın nəticəsi idi.

Lakin Makronun səfəri heç bir problemi həll etmədi. Kanak xalqı Yeni Kaledoniyanın müstəqilliyi tələbini gündəmdə saxlamağa davam edir. Rəsmi Paris isə bunu müstəqillik mübarizəsi yox, separatizm kimi dəyərləndirir və Azərbaycanı kanak xalqını separatçılığa təhrik etməkdə günahlandırır.

Fransız mediasının quduz it kimi Azərbaycanın üzərinə şığıması da bundan qaynaqlanır. “Le Point” dərgisinin Azərbaycana qarşı açıq hücuma keçməsi Parisin Bakıya qarşı savaşının tərkib hissəsidir. Azərbaycanın “diktatura” adlandırıldığı son yazı da heç şübhəsiz ki, Fransa prezidentinin administrasiyasının (Yelisey Sarayı) birbaşa sifarişi ilə dərc olunub.

"Le Monde"dan və "Le Figaro"dan fərqli olaraq “Le Point” heç vaxt bu qədər kəskin anti-Azərbaycan xarakterli yazılar dərc etmirdi. Lakin Makron administrasiyası artıq "Le Point” dərgisini də Azərbaycanın əleyhinə qullanmağa, xərcləməyə başlayıb.

Bu da iyrənc media əməliyyatlarından biridir.

Biz Parisdən klassik Qərb siyasi mədəniyyətini gözləməməliyik. Çünki Paris bizə qarşı açıq konfrantasiya yolunu seçib və Qərbin yırtıcı qüvvəsi rolunda çıxış etməyə qərar verib.

Ancaq onu da nəzərə almalıyıq ki, Fransa öz rəqiblərinə və düşmənlərinə qarşı heç vaxt açıq və dürüst mübarizə aparmır. Bu ölkə öz xalqının milli mentalitetinə uyğun olaraq həddindən artıq məkrli ölkədir. Fransa dövləti dünyanın 5 əsas, aparıcı dövlətindən biri olmasına baxmayaraq həmişə gizli planlar əsasında hərəkət etməyə və rəqiblərinə qurşaqdan aşağı zərbə vurmağa üstünlük verən dövlətdir.

Ona görə də bu dövlətin sabah Azərbaycana qarşı hansı kirli oyunlara əl atacağı bəlli deyil. Biz də bu amili nəzərə alıb adekvat davranmalıyıq və Fransanın təxribatlarına cavablarımız daha ağıllı, daha mükəmməl olmalıdır.

Yeri gəlmişkən, Fransanın "böyük"lüyü" və "məğlubedilməz"liyi aldadıcıdır. Bu mif süni surətdə yaradılıb. Əsl həqiqətdə isə Fransa özündən qat-qat kiçik və az inkişaf etmiş ölkələrə dəfələrlə uduzub. Ötən əsrin 60-cı illərinin əvvəllərində kiçik Monako knyazlığı Fransanın dünya şöhrətli prezidenti, general Şarl de Qollu geri çəkilməyə və knyazlığa qarşı davakar siyasətdən əl çəkməyə məcbur edib. Eləcə də 1954-cü ildə Fransanın müstəmləkəçi ordusu Vyetnam qoşunlarına məğlub olub və bu hadisə Hind-Çində fransız işğalçılıq siyasətinə son qoyub. 1960-cı illərin əvvəllərində Əlcəzair başda olmaqla 20-dən çox Afrika dövləti müstəqillik əldə edib.

Son illərdə isə Makron Fransasının Niger, Mali, Burkina-Faso kimi ölkələrdə hökmranlığına son qoyulub.

Qeyd etdiyim ölkələrdən fərqli olaraq Azərbaycan isə heç vaxt Fransanın müstəmləkəsi olmayıb. Lakin Azərbaycan Fransanın mürtəce mahiyyətinə kifayət qədər yaxşı bələddir. Ona görə də Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycanın Makron Fransasına sözün bütün mənalarında dərs vermək şansı var. Azərbaycanın Fransanın neokolonializm siyasəti yürütməsi faktını ictimailəşdirərək dünyanın diqqət mərkəzinə gətirməsi, necə deyərlər, Fransanın çox pis yerdə yaxalanmasına səbəb olub. Bu isə Fransanı idarə edənlərdə isterika yaradır. “Le Point” jurnalında dərc olunan yazı da bu isterikanın əlamətidir.

Beləliklə, savaş davam edir...

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az