“Paris-2024” İTV-də yayımlanacaq
23.07.2024

Sabahdan “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq.

Bu barədə Visiontv.az-a İTV-dən məlumat verilib. 

Qeyde edilib ki, sabahdan başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm idman yarışması “Paris-2024” yay olimpiya oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq. Avqustun 11-dək davam edəcək oyunlarda idmançılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosial anları İTV-nin efirində yaşanacaq.

İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq bizim efirdə bu  il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq.

Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris olimpiadası üçün hazırlanmış “Bol idman”ın yeni studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.

İTV tamaşaçılara xoş seyrlər, idmançılarımıza isə bol-bol uğurlar arzulayır.