Öz ailəsinin həyatını yaşamağı nə isə bir əksiklik kimi deyil, yüksək mənəvi məqam kimi dəyərləndirmək lazımdır
26.07.2024

Şeirlərinə yüksək dəyər verdiyim bir fb dostum belə bir fikir paylaşıb: "Azərbaycan qadını daha çox öz ailəsinin həyatını yaşayır, öz HƏYATINI DEYİL."

Mövzu aktual olduğu üçün və "öz" kəlməsinin çox vaxt yanlış anlaşıldığını nəzərə alaraq belə bir şərh yazdım:

Fikrin birinci hissəsi doğru, amma "öz ailəsinin həyatını yaşamaq", "öz HƏYATINI DEYİL" anlamına gəlməz. Əksinə, kim isə özünü öz ailəsində görürsə, bu, hər halda sadəcə "öz həyatını yaşamaq" və bu "öz"ü nə ailəsi, nə milləti, nə də insanlıq meyarları ilə identikləşdirə bilməmək "azadlığından", fərdiyyətçiliyindən və eqoizmindən yüksək bir məqamdır.

Öz ailəsinin həyatını yaşamağı nə isə bir əksiklik kimi deyil, yüksək mənəvi məqam kimi dəyərləndirmək lazımdır. "Ailə" - məhz budur. Həm də bu mənəvi siqlət ancaqqadına deyil, kişiyə də aiddir. Kişi özünə ailədənkənar bir həyatdamı qurmalıdır? Bu başqa məsələ ki, "ailə həyatı" anlayışı ilə yanaşı "ictimai həyat" anlayışı da var. Amma ailə, ictimai həyatın da özəyi, nüvəsi olmalıdır. İş, ictimai fəaliyyət - ailəyə rəğmən deyil, həm də ailə üçün olmalı deyilmi? Üstəlik "öz"- "ailə", "millət" və bütünlükdə "insanlıq" dışında necə təsəvvür oluna bilər?! "Öz" - bunların dışında qalandamı, yoxsa əksinə, bunları içinə alandamı gerçək bir öz olur?! Və bunların dışına çıxmaq öz yolunu tapmaqdır, yoxsa yolunu azmaqdır?!

professor Səlahəddin Xəlil

visiontv.az