Növbəti təxribat: İranda 12 milyon azəri yaşayır?
Növbəti təxribat: İranda 12 milyon azəri yaşayır?
18.07.2024 Elbəyi Həsənli Tərəfindən

"Azərbaycan İranın şimal-qərbi ilə həmsərhəddir və XIX əsrin əvvəllərinə qədər Fars (persiya) İmperiyasının tərkibində olub. İranda İslam Respublikasının ən böyük azlıq qrupunu təmsil edən 12 milyondan çox etnik azəri var".

Amir Vahdat adlı yazar "The İndependent" qəzetində gedən "Azerbaijan reopens its embassy in Iran as the two countries try to ease tensions" (İki ölkə gərginliyi azaltmağa çalışdığı bir vaxtda Azərbaycan İrandakı səfirliyini yenidən açır) adlı məqaləsində belə yazır...

Şübhəsiz ki, 12 milyon azəri söhbəti təxribat məqsədi daşıyır. Və cavabı verilməlidir. 

Xatırladım ki, illər öncə İlham Əliyev çıxışlarının birində belə demişdi: "Mən 50 milyon azərbaycanlının prezidentiyəm”. Bu fikir öz aktuallığını itiribmi? Məncə, yox. Əksinə, bu fikir daha da aktuallaşıb. “Atam da, anam da türkdür”, deyən Məsud Pezeşkian faktoru da İrandakı türk nüfuzunun qələbəsidir.

Yaxşı, bu 50 milyonun 10 milyon nəfəri Azərbaycan Respublikasında yaşayır. Yerdə qalan 40 milyon azərbaycanlı haradadır? Hələ mən orasını demirəm ki, XIX əsrin əvvəllərində hazırkı İran coğrafiyasında Persiya adlı imperiya mövcud deyildi. Türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş həmin dövlət 1785-1925-ci illər ərzində mövcud olub. Qərb mənbələrində bu dövlət Qacar İranı, Qacar Persiyası və Qaçar İmperiyası kimi adlandırılır. Yəni tarixin o dönəmində dünyada Persiya İmperiyası deyilən bir dövlət olmayıb. Fars şovinistlərinin bu kimi təxribatlarına dərhal və radikal şəkildə cavab verilməlidir. Özü də mümkün qədər yüksək səviyyədə...

Elbəyi Həsənli

visiontv.az