Növbəti köç karvanı Füzuliyə çatıb
23.04.2024

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb.

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünki köç karvanı Bakı şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən,  Abşeron rayonundan köçürülən 37 ailə Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin məskunlaşması təmin edilib.

visiontv.az