Nədən biz Hindistan-Ermənistan dostluğuna qarşı Çin+Azərbaycan dostluğu yaratmayaq?
Nədən biz Hindistan-Ermənistan dostluğuna qarşı Çin+Azərbaycan dostluğu yaratmayaq?
05.02.2024 Elbəyi Həsənli Tərəfindən

Çinə məxsus "China Global Television Network (CGTN)" saytında "Armenia looks to build security ties with the U.S. and its allies" (Ermənistan ABŞ və müttəfiqləri ilə öz təhlükəsizliyini təmin etmək üçün əlaqələr qurmağa çalışır) adlı məqalə gedib. Məqalədə Nikol Paşinyanın dediklərinə diqqət çəkilir. Baş nazir deyir ki, Ermənistan daha öz təhlükəizliyini Rusiyaya etibar edə bilməz: “Ona görə də ABŞ, Fransa, Hindistan və Gürcüstanla əlaqələrimizi gücləndirməliyik”...

Əslində bu xəbərdə təzə bir şey yoxdur. Bəs, niyə bunları yazıram? Çünki CGTN Çinin əsas təbliğat vasitələrindən biridir. Belə bir önəmli saytda vurğulanır ki, Ermənistan Hindistanla hərbi əlaqələrini gücləndirir. Hindistanla Çin arasındakı münasibətlər isə Ermənistan-Azərbaycan münasibətləri qədər pisdir. 

Çin Hindistana qarşı Pakistan, hətta Əfqanıstanla ittifaqdadır. Ermənistan Hindistanla ona görə yaxınlaşa bildi ki, Türkiyə+Azərbaycan birliyi Pakistana Kəşmir məsələsində açıq şəkildə dəstək verdi. Yəni türk düşməni olduğuna görə Hindistan Ermənistana qucaq açdı...

Yaxşı, nədən biz Hindistan-Ermənistan dostluğuna qarşı Çin+Azərbaycan dostluğu yaratmayaq? Çin son dərəcə qüdrətli ölkədir. Amerika ilə burun-buruna dünya iqtisadi məkanında dominantlıq edir...

Hə, Çində uyğur türklərinin ciddi problemi var. Bu məsələni ara-sıra Türkiyə gündəmə gətirir. Buna baxmayaraq Azərbaycan Hindistan amilinə qarşı Çindən yararlana bilər və bunun üçün əlverişli şərait var. Nədən Azərbaycan olaraq bu imkandan istifadə etməyək? Niyə ermənilər türklə düşmənçilikdən yararlanıb özlərinə Hindistan kimi arxa-dayaq tapa bilirlər, ancaq Azərbaycan Çin-Hindistan düşmənçiliyindən lazımı səviyyədə istifadə etməsin?

Elbəyi Həsənli

Visiontv.az