Mövcud Rusiya-Ukrayna müharibəsi Moldova üçün də potensial təhdiddir
Mövcud Rusiya-Ukrayna müharibəsi Moldova üçün də potensial təhdiddir
26.03.2023 MEDİA Tərəfindən

Moldova Prezidenti Maya Sandu dövlət dilinin adının moldav dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiqləyib.

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanun elan etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”, – Sandu bildirib.

Prinsip etibarilə xanım Sandunun atdığı bu addım çox ciddi bir hadisədir. Belə ki, Qərb yönümlü siyasətçi kimi tanınan Sandu verdiyi qərarı “tarixi və təkzibedilməz həqiqət” adlandırıb.

Prinsip etibarilə bu belədir. Nə Moldova dili deyə xüsusi bir dil var, nə də Moldovan deyə bir xalq. Bu mənada Sandu “Moldovanın dövlət dili rumın dilidir” deyərək həm də Moldovan kimi təqdim edilən xalqın rumin olduğunu demiş oldu.

Xanım Sandunun “Mən istəyirəm ki, rumin dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin” sözləri isə faktiki olaraq iki ölkənin birləşməsi çağırışı kimi qiymətləndirilə bilər.

Mövcud Rusiya-Ukrayna müharibəsi Moldovanı da potensial təhdid altında qoyur. Dnestryanı bölgədə vaxtaşırı gərginliyin artması da rəsmi Kişinyovu narahat edir. Mövcud Rusiya təhdidi qarşısında Moldova Avropa İttifaqı və NATO-ya yaxınlaşmaq istəsə də bunun gerçəkləşməsi mümkün görünmür.

Maya Sandu ölkəsinin Avropa İttifaqı və NATO-ya üzvlüyünün yalnız Rumıniyaya birləşməklə mümkün olacağını düşünür. Ehtimal ki, Sandunun ağlında iki ölkənin büsbütün birləşdirilməsi layihəsi yoxdur. O daha çox Rumıniya-Moldova konfederasiyasının yaranmasını istəyə bilər. Belə olan təqdirdə həm Moldova dövlətçiliyi qalmış olacaq, həm də Rumıniya ilə birləşdiyi üçün Moldova da Avropa İttifaqı və NATO üzvü sayıla biləcək.

Lakin Maya Sandunun bu istəyi heç də Moldovada birmənalı şəkildə qarşılanmır. Misal üçün, Rusiya meylli qüvvələr belə bir addıma çətin ki, razı olsun. Bundan başqa Qaqauziya muxtariyyətinin rəhbəri İrina Vlax da belə bir şey olacağı təqdirdə Qaqauziyanın öz müqəddəratını təyin edəcəyini dəfələrlə açıqlayıb.

Yəni xanım Sandu Rumıniya ilə birləşmək istəsə belə, bu, Moldovaya torpaq itkisi bahasına başa gələ bilər.

Müəllif: Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev

Visiontv.az