Mədəniyyət xadimlərinə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı təqdim edilib - FOTO
07.05.2024

Milli Azərbaycan Tarixi Muzeyində bir qrup mədəniyyət xadiminə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalının təqdim etmə mərasimi keçirilib.

 Mükafatlandırma mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov iştirak edib.

Çıxış edən nazir Adil Kərimli yubiley medalını Prezidentin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və ehtiramın təzahürü olduğunu diqqətə çatdırıb.

"Düşünürəm ki, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalının hər birimiz üçün xüsusi əhəmiyyəti var. Çünki bu medalla təltif edilənlər Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan mədəniyyətinə töhfələr veriblər", - nazir bildirib.

Nazir onu da vurğulayıb ki, bundan sonra artıq dünyaya mədəniyyət diplomatiyası ilə sirayət etməliyik:

"Bu da, sözsüz, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi həyata keçəcək və bununla da dünyada Azərbaycan mədəniyyəti daha da tanınacaq. Bu, əlbəttə, gənc nəsil üçün əvəzsiz örnəkdir. Biz sizlərlə, sizin adınız və mədəni xidmətinizlə qürur duyuruq".

Daha sonra mükafatlandırma mərasimi baş tutub.

Mədəniyyət xadimlərinə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalını nazir Adil Kərimli təqdim edib.