Kəndlərimizin qaytarılmasına mane olan əsas səbəb...
Kəndlərimizin qaytarılmasına mane olan əsas səbəb...
09.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə açıqlamasında olduqca maraqlı məqama toxunub. O, deyib ki, hazırda Ermənistanın bütün siyasi palitrasının (qüvvələrinin) diqqəti Tavuş bölgəsinə yönəlib. Bu da o deməkdir ki, indi Ermənistanda hamı kəndlərin Azərbaycana qaytarılması məsələsinin üzərindən özünə siyasi xal qazanmağa çalışır.

Başqa sözlə desək, bu gün ermənilər torpaq məsələsini siyasi bazarlıq, reytinq, rəqabət predmetinə çeviriblər. Ermənistanın hazırkı siyasi qüvvələri üçün torpaq məsələsi milli məsələ yox, siyasi mənfəət məsələsidir.

Bir xəritə və mətn şəkili ola bilər

Andranik Köçəryandan sitat:

“Üstəlik, həqiqətə uyğun olmayan şeylərdən danışırlar. Maşınla dolaşır, ağacların altında şəkil çəkdirir, Ermənistan hakimiyyətinin kəndləri təslim etdiyini deyirlər. Biz kəndləri təslim etmirik, bu mümkün deyil, kəndləri təslim edən cinayətkar olur. Biz dövlət sərhədinin qanuni rəsmiləşdirilməsi prosesinə başlayırıq”.

A.Köçəryanın bu açıqlaması onu göstərir ki, Eçmiədzin kilsəsinin təbliğ etdiyi irqçi, millətçi ideyalarla silahlanmış və Rusiyadan dəstək alan Ermənistan müxalifəti Qazaxın işğal edilmiş esklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılmasına mane olmaq üçün hər cürə iyrənc vasitələrə əl atır və bu məsələni süni surətdə gündəmin əsas müzakirə mövzusu kimi diqqət mərkəzində saxlamağa çalışır. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi kəndlərin qeyd-şərtsiz qaytarılmasını tələb etsə də, Ermənistanın müxalif qüvvələri isə buna müqavimət göstərir və Paşinyan hökumətinin qəti addımlar atmasına mane olur. Bu da hazırda kəndlərimizin qaytarılmasına mane olan əsas səbəblərdən biridir.

Bəybala Mirzəyev

visiontv.az