İnsanlar necə biganəymiş...
15.04.2024

10-15 ilin söhbətidir,.. Səhər tezdən işə tələsirdim. Heydər Əliyev prospekti ilə “Koroğlu”dan mərkəz istiqamətinə gedirdim. Hava bir az küləkli, deyəsən payız idi. Hardasa “Şəfa” stadionunun tuşunda (onda yeraltı keçid yox idi) dayanmış minik avtomobili uzaqdan diqqətimi cəlb etdi.

Üzü hərəkət istiqamətinə açıq rəngli “krossover”di, qarşı tərəfi-bamperi möhkəm əzilmişdi. Uzaqdan mənə elə gəldi ki, maşının sürücü qapısından bir nəfər düşdü və sağ tərəfə qaçdı. Tünd paltarda, qara şalvarda olsa da, qadın olduğunu hiss etdim. Səhv edə bilməzdim...

Sonra yolun ortasına atılmış, saçları dağılmış 2 “kukla” gördüm. “Yəqin avtomobildən düşüb” fikirləşdim. Amma yaxınlaşanda dəhşətə gəldim. Bütün yol qan içində idi, hətta keçməyə yer yox idi. Maşını elə solda saxladım, düşdüm, Uzaqdan “kukla” zənn etmişdim, iki arıq yeniyetmə qız idi. Bir-birlərinə çox bənzəyirdilər, yəqin bacı idilər. Qanın içindəydilər, nəbzləri ələ gəlmirdi... Mən tək götürsəydim, tamam batacaqdım. Yoldan keçən maşınlar qanı tapdamamaq üçün dayanıb keçid axtarırdılar. Amma düşən, mənə kömək edən yox idi. “Yəqin qorxurlar” fikirləşdim...

Cavan oğlanla qızın oturduğu “sedan”a yaxınlaşdım. Qız telefonla “hadisə yeri”ni çəkirdi. Ağzı da əlləri kimi, dayanmadan işləyirdi. Mən oğlandan xahiş etdim ki, mənə kömək etsin. Doğrudur, şüşəni aşağı çəkdi, amma maşından düşmədi. Dedi ki, “mən ölüdən qorxuram”. Bu zaman “telefonçu” qızın “yazıqlar nə kasıbdırlar, Fuadik, indi kim belə geyinir?!” replikasını eşitdim. Orta yaşlı cütlüyün oturduğu “krossover”ə doğru getdim... Burda qadın “kino” çəkmirdi, ürəkləndim, kişiyə müraciət etdim. “Biz tələsirik, işə gedirik” dedi. Aralananda qadınla danışığını eşitdim. Qadın: “Yazıqlar, lap uşaqdılar...” Kişi: “Hələ heç kimi bədbəxt etməyə imkan tapmayıblar”...

İki saqqallı kişinin oturduğu “cip”ə yaxınlaşdım. Salamımı ehtiramla aldılar, amma maşından düşmədilər. Sürücü dedi ki, budur polis gəldi. Gedəndə danışıqlarını eşitdim. Sərnişin sürücüyə deyirdi: “Maşın adam vurub da, sür gedək, indi polis yüz dənə sual verəcək”. Mən polisə yaxınlaşdım, özümü təqdim etdim. Mənə “yüz sual” vermədi, hadisəni görüb görmədiyimlə maraqlandı, telefonumu yazdı. “Siz gedin, lazım olsa zəng edərik” dedi. Mən öz maşınıma tərəf dönəndə “sedan”, “kossover” və “cip” artıq getmişdi.

İnsanlar necə biganəymiş, İlahi...

Qalib ARİF

visiontv.az