Gəncədə şəhid Hikmət Məmmədovun barelyefi açılıb
16.07.2021

Vətən müharibəsində şəhid olmuş Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi Hikmət Məmmədovun yaşadığı evin önündə barelyefinin açılışı olub. Visiontv.az xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən mərasimə şəhidin ailə üzvləri, doğmaları və iş yoldaşları da qatılıb.

Barelyef heykəltəraş Qasım Qasımov tərəfindən hazırlanıb.

1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbində alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlamışdı. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılır. Oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Binnət İsmayılov