Futbolu zorlayan ideologiyalar...
Futbolu zorlayan ideologiyalar...
08.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Məhləmizdə hər gün futbol oynayan 10-12 yaşlı uşaqlar futbolun sadəcə və sadəcə futbol olduğunu bilirlər. Onların heç ağıllarının ucundan belə keçmir ki, əslində futbol həddindən artıq siyasiləş(diril)miş idman növüdür.

Bəs futbolu siyasiləşdirən anti-futbolçu iblislər kimlərdir?

Merih Demirala diskvalifikasiya (oyun məhdudiyyəti) cəzası kəsən UEFA-lı faşistlər...

Bu faşistlərin 1942-ci ilin avqustunda ukraynalı futbolçularla “Ölüm matçı” təşkil edən alman nasistlərindən heç bir fərqi yoxdur.

Məlumat üçün bildirim ki, tarixin ən qəddar faşist liderləri kimi tanınan Benito Mussolini və Adolf Hitler həm də futbolu həddindən artıq siyasiləşdirən ilk siyasi liderlər kimi tarixdə iz buraxıblar. D-r Göbbelsin təbliğ etdiyi nasizm ideologiyası birbaşa futbolun “zorlanma”sına xidmət edirdi.

Bir sözlə, faşizm ideoloqları futbola kütlələrə güclü təsir, təbliğat vasitəsi kimi baxırdılar...

Lakin nə yazıq ki, onların miras qoyub getdikləri bu pis ənənə bir qədər şəklini dəyişmiş formada bu gün də davam edir. Belə ki, 80-85 il öncə futbolu siyasiləşdirənlər faşistlər idisə, bu gün futbolu LGBT-nin, ateizmin, satanizmin, istehlakçı kapitalizmin, irqçiliyin təbliğ alətinə çevirənlər də məhz Avropa İttifaqında (Aİ) əsas söz sahibləri olan liberastlar və solçu partiyalardır.

UEFA da Aİ-nin ideoloji təsiri altında olan bir qurumdur. Yəni ki, UEFA-nın da universal “dəyər”ləri, kriterləri məhz Aİ-nin “mətbəx”ində işlənib qəbul edilir.

Ona görə də liberal və solçu siyasi qüvvələrin düşünüb icad etdikləri “fikir azadlığı” ilk növbədə Avropa şəhərlərininin meydanlarında polislərin gözü önündə “Qurani-Kərim”i yandırmaq, irqçi şüarlar səsləndirmək, gey-paradlara izn vermək kimi başa düşülür.

Bəli, onlar azadlığı belə təsəvvür edirlər.

Onların təsəvvürlərindəki fikir azadlığına, hərəkət azadlığına bir türk-müsəlman futbolçunun öz tarixi keçmişindən, milli gələnəyindən arınıb gələn “Bozqurd” işarəsi ilə azərkeşləri salamlamaq təşəbbüsü tamamilə yaddır. Avropanın liberal-solçu faşistləri bu kimi təşəbbüsləri, hərəkətləri öz “dəyər”lərinə, ideologiyalarına zidd hesab edirlər. Onlar Merihin bu addımını nasionalizmin, rasiszmin, faşizmin təbliği kimi dəyərləndirirlər. Lakin ən mürtəce faşizmə də məhz özləri yol verirlər. Bəli, onların liberal diktaturası müasir faşizmin başqa bir təzahür formasıdır.

Onların liberal diktaturası ikiüzlüdür, riyakardır. Çünki bu diktatura bir avropalı oyunçunun qoldan sonra etdiyi qeyri-etik hərəkətə az qala göz yumur, lakin Merihin “Bozqurd” salamında isə ultramillətçiliyin, terrorçuluğun “iz”lərini axtarır, onun bu işarəsini idmanın nüfuzuna zərər vurulması kimi dəyərləndirir.

Bax belə.

Qərb qlobal siyasətdə ikili standartlar tətbiq etdiyi kimi, böyük idmanda da ikili davranışlara yol verir. UEFA kimi qurumlar peşəkar futbol anlayışı ilə hərəkət etmək əvəzinə, “tarixçi”lik etməyə can atır və sonda isə “Bozqurd” toteminin gerçək tarixini pis öyrənən “müəllim”lər kimi qərar verirlər.

Deməli, UEFA-ya da əl gəzdirmək, islahat aparmaq vaxtı gəlib çatıb. Dünyanın əksər ölkələrində din dövlətdən uzaqlaşdırıldığı kimi futbol və siyasət arasında da qalın “Çin səddi” çəkilməlidir. Əks təqdirdə, bu gedişlə futbol Avropanın “bətn”indən doğulan və insanlıq üçün ən zərərli olan ideologiyaların, anti-dəyərlərin təbliğat vasitəsinə çevriləcək.

Ən maraqlısı da budur ki, indiyə qədər futbolu siyasiləşdirən bütün cərəyanlar, konsepsiyalar, davranışlar və normaların hamısı məhz Avropadan törəyib. Lakin acısını isə bu gün merih demirallar çəkməli olur...

Bir 1 nəfər, Futbol oynayır və mətn illüstrasiyası ola bilər

P.S

Yeri gəlmişkən, biz UEFA-lı liberal-solçu faşistləri hər nə qədər asıb kəssək də, lakin onlara qocaman bir təşəkkür də düşür. Çünki UEFA rəsmiləri “Bozqurd”a qarşı bu cür barışmaz, sərt mövqe tutmaqla, əslində Türkün unudulmaqda olan qan yaddaşını təzələdilər, bizə öz totemimizə sahib çıxmaq imkanı, keçmişimizə nəzər salmaq fürsəti yaratdılar.

Bəybala Mirzəyev

visiontv.az