Frankfurtun ehtişamı
15.04.2024

Frankfurtdayıq. Hessen vilayətinin bu ən böyük şəhəri Federal Almaniyanın ən önəmli mərkəzlərindən biridir.

Mayn çayı üzərində inşa edildiyindən şəhərə almanca “Frankfurt am Main”, yəni “Mayn üzərindəki Frankfurt” deyirlər.

800 min əhalisi olan Frankfurt Almaniyanın ən isti iqliminə sahib böyük şəhərlərdəndir.

Göydələnləri, ultra-lüks iş merkezleri, gecə həyatı ilə ünlü bu gözqamaşdırıcı və ehtişamlı şəhər adambaşına alıcılıq qabiliyyəti paritetinə görə Avropanın ən zəngin şəhəri hesab olunur.

Yaşayış səviyyəsinə görə dünyanın ən yaşana bilən şəhərləri siyahısında 7-ci yerdədir.

Frankfurt Almaniyanın ən münbit və dinamik biznes mühitinə sahibdir.

Bir yazımda Frankfurtu “Dünyanın Kitab Paytaxtı” adlandırmışdım. Çünki 1949-cu ildən bəri hər oktyabr ayında bu şəhərdə Dünyanın ən böyük kitab sərgisi keçirilir. Şəhərdə çox sayıda kitab mağazasının olması şəhərin çöhrəsinə başqa bir gözəllik qatır…

Alman mediası digər böyük dövlətlərdən fərqli olaraq paytaxt Berlində cəmləşməyib, qəzetlər, dərgilər, tv kanalları müxtəlif şəhərlərə səpələniblər.

Frankfurtda Almaniyanın nüfuzlu liberal-mühafizəkar təmayüllü Frankfurter Algemayne (alm. Frankfurter Allgemeine) qəzetinin mərkəzi ofisi yerləşir.

Qəzet dünyanın dörd bir yanında 90-dan çox müxbiri olan böyük qəzetlərdəndir…

Qəzetlərin fotosunu çəkəndə burnuma keçmişdən bildiyim çox tanış bir qoxu gəldi.

Qəzet qoxusu idi.

Bizim unutduğumuz qoxu…

İbrahim Nəbioğlu

visiontv.az