Ermənistanın Fələstini tanımasının gerçək səbəbi...
25.06.2024

Ötən həftə İrəvanın mərkəzində yəhudi sinaqoquna qarşı vandalizm hərəkətinin törədilməsinin ardınca, bu gün rəsmi İrəvanın Fələstini müstəqil dövlət kimi tanımasına, Ermənistan Xarici İşlər Nazirliyinin Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yaymasına əsla təəccüblənmədim.

Ermənistanın bu qərarı əslində onun səmimi olaraq həqiqətən də fələstinlilərin halına yanmasından və Qəzzada baş verən faciələri bir an öncə dayandırmaq istəyindən irəli gəlmir. Bu qərar ermənilərin ilk növbədə İsrailə qısqanclıqla yanaşmasının və nifrət bəsləməsinin nəticəsidir. Elə bu səbəblə əlaqədar olaraq ermənilər hər zaman fələstinlilərə təəssübkeşlik ediblər, həmrəylik nümayişləri keçiriblər.

Yeri gəlmişkən, Fələstinin hazırkı nazirlərindən biri erməni əsillidir. Bu da Ermənistan-Fələstin münasibətlərində istilik yaradan xüsusi məqamlardan biridir.

Rəsmi İrəvanın Fələstini müstəqil dövlət kimi tanımasına İsrail tərəfinin reaksiyası isə özünü çox da gözlətməyib. Belə ki, Ermənistanın bu ölkədəki səfiri Armen Akopyan dərhal İsrail XİN-ə çağrılıb və ona nota təqdim edilib.

İrəvanın bu addımından sonra onsuz da gərgin olan Ermənistan-İsrail münasibətlərinin daha da pisləşəcəyi şəksizdir.

P.S.

Baxaq görək rəsmi Bakının iyunun əvvəllərində səsləndirdiyi "müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır" bəyanatını Azərbaycana qarşı əks təbliğat vasitəsi kimi istifadə edən erməni mediası və politoloqları indi Ermənistanın Fələstin dövlətini tanımasına necə reaksiya verəcəklər, nə don geyindirəcəklər...

Bəybala Mirzəyev

visiontv.az