"Ekstaz", erotika və modern texnologiya
13.11.2024

"Ekstaz" adlı bir çex filmi var. 1933-cü ildə çəkilib. Kino tarixinin ilk erotik səhnələri bu əsərdə yer alıb. Film Roma papası tərəfindən yasaqlanmış, bir çox Avropa ölkəsi onu prokatdan qaldırmışdı. Hitler filmi bəyənmiş, ancaq bəzi yerlərini qayçıladıqdan sonra ekranlara çıxmasına icazə vermişdi.

İndiki seyriciyə bu film çox məsumanə və abırlı görünər. Ancaq 90 il əvvəlki puritan avropalı üçün "Ekstaz" biabırçı bir sinema filmi idi, onu indiki anlamda "18+" kateqoriyasına aid edərdilər. O zamankı cəmiyyət erotikaya, açıq-saçıq səhnələrə hələ hazır deyildi. Əslində bu gün gördüklərimizlə müqayisədə filmdə çox da etiraz ediləcək bir şey yoxdur - əsərin qəhrəmanı Eva adlı gənc bir qadın 10 dəqiqə boyunca göldə "lüt-üryan" üzür, vəssalam.

Eva rolunda tanınmış avstriyalı və amerikalı aktrisa Hedi Lamarr (1914-2000) çəkilmişdi. Lamarr 1937-ci ildə özündən yaşca böyük və zəngin ərindən qaçaraq Amerikaya sığınır. Qısa müddət sonra o, Hollivud starına çevrilir, çox sayda məşhur filmdə çəkilir.

Hedi Lamarr sinemadan başqa həm də tanınmış bir ixtiraçı idi. O, 1942-ci ildə torpedo sistemlərini uzaqdan idarəetmə sistemlərini patentləşdirir. Patent bir müddət gözdən iraq qalır. Lamarrın 1953-cü ildə ABŞ vətəndaşlığına keçməsi ilə Pentaqon bu sistemi Dəniz Qüvvələrində tətbiq eləməyə başlayır.

Bu gün evimizdəki TV pultundan tutmuş bütün kabelsiz texnologiyalara qədər hər şeyi (sim kart, wi-fi və başqa həyatımızı zənginləşdirən icadlar) Dünya bu Gözəllər Gözəli qadına borcludur. Kabelsiz texnologiyaların əsası Tesla tərəfindən təklif olunsa da onların ilk praktik həlli və tətbiqini məhz Hedi Lamarr həyata keçirib.

Hedi Lamarr IQ səviyyəsinə görə dövrünün ən ağıllı və zəki qadınlarından biri idi. Şəxsən mən "Erkəklər ağıllı qadınları" sevməzlər" fikri ilə qətiyyən razı deyiləm. Zənnimcə, ancaq ağılsız kişilər ağıllı qadını sevməzlər.

İbrahim Nəbioğlu

visiontv.az