Ciddi reportaj üçün turist yox, məqsədli səfərlər təşkil etmək lazımdır - Şöhrət El-Dəniz
Ciddi reportaj üçün turist yox, məqsədli səfərlər təşkil etmək lazımdır - Şöhrət El-Dəniz
16.03.2021 Şöhrət El-Dəniz Tərəfindən

Səfər barədə sonuncu 3-cü yazı.

İşğaladan azad olunan ərazilərə səfər edən və mənim kimi etməyən həmkarlarımın ​ yazdıqlarını oxudum. Əksəriyyət azad olunan ərazilərin ruh halını qələmə alıb. Həm torpağın, həm də özlərinin. Əslində bu mövzuda nəsə yazmaq üçün seçim çox deyil. Ya ruhunun və o torpaqlarda ruha çevrilmişlərin fantaziyasına sığınacaqsan, ya da ciddi yazı yazmalı olacaqsan. Həmkarlarım və elə mən özüm daha asan yol seçərək o torpaqlarda dolaşan ruhlara və öz ruhumuza müraciət edərək fantaziyamızın dilə gətirdiyi kəlmələri yazmalı olduq.

Əslində isə belə yazmalıydıq...

Bu məsələdə işğaldan azad edilən torpaqlara səfər edən Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın təqdim elədiyi reportajları misal çəkmək istəyirəm.

Prezidentin səfərləri, danışdıqları və göstərdikləri real zaman və məkan müstəvisində reportaja çevrilir. Maşın yol boyu hərəkət edir,

Prezident azad olunan kəndlərin, qəsəbələrin, şəhərlərin adlarını bir-bir sadalayır, zəbt və azad olunma vaxtlarını deyir, imkan daxilində qarşısına çıxdığı​ yurd yerləri haqqında tarixi məlumatlar verir, döyüşlər, əsgərlərin sücaəti barədə fikirlər səsləndirir. Yekun olaraq azad olunmuş ərazidə bayrağımızı qaldırır. Və dağıdılmış, viran qoyulmuş ərazilərin bərpası haqqında danışaraq, görüləcək işlərin konturlarını tezis şəklində tamaşaçıya çatdırır. Və bu reportajlar həm də bu ərazilərdə bərpa işləri görən rəsmi qurumlara bir göstəriş, tapşırıq xarakteri daşıyır. ​

Məntiqnən real zaman və məkan anlamında ən ciddi və peşəkar reportaj məhz Prezident İlham Əliyev tərəfindən tamaşaçıya təqdim olunur.

Bax demək istədiyim ruh halından kənar ciddi yazı hazırlamaq forması budur.

Mən indiyə qədər çox az müxbirin, repartyorun, araşdırmaçı jurnalistin yazısına, reportajına rast gəlmişəm ki, hansısa yaşayış obyekti barədə müfəssəl məlumat versin. Səfərə getdikləri hansısa kəndin, qəsəbənin, şəhərin ​ müharibəyə qədər, müharibə vaxtı və müharibədən sonra orada yaşayan əhalinin sayının, etnik tərkibinin, tikililərin, iaşə və mədəni obyektlərin, idarə və müəssisələrin statistik göstəricilərini araşdırıb təqdim etsin. Dağıntıların miqyasını dəqiqləşdirsin. Vurulan ziyanı araşdırsın. Böyük bir ərazini bu vəziyyətə necə saldıqlarını təhlil etsin.

Bildiyimə görə ermənilər kənd-kənd, şəhər-şəhər evləri bir-bir söküb İrana satıblar. Hər kəndi bir İran ağasına yaxşı qiymətə satanda digər kəndi peşkəş veriblər. İndiyə kimi heç kim araşdırmayıb ki, niyə torpaqlar alınana qədər Xudafərin istiqamətində İranla Qarabağ arasında sərhəd- keçid məntəqəsi olub. Sərhəd boyu ciddi alış-veriş əlaqələri yaradılıb. Ermənilər o taya, İrandan olanlar bu taya vizasız ​ rahat gedib gəliblər. Fikir verirsiniz necə çətin və ağır bir işdir bu cür reportajlar hazırlamaq.

Bu baxımdan ciddi araşdırmalar yazmaq üçün turistik səfərlər yox, məqsədli səfərlər təşkil etmək lazımdır.

Boş qalmış, viran edilmiş, çöllüyə çevrilmiş yerlərə turist kimi gedən yazar dediyim kimi yalnız ruhlardan və özünün ruh halından yaranan emosiyalarını yaza bilər. Ki, ​ hal-hazırda biz məhz bu işlə məşğuluq. ​ ​ ​ ​

Əvvəlki 1-2-ci yazılar aşağıdakı linkdə

https://visiontv.az/az/article/agdamli-usaq-hikmet-haciyevle-novruz-yumurtasi-doyusdurdu-sohret-el-deniz

https://visiontv.az/az/article/bu-defe-agdamdaki-ruhlardan-deyil-dirilerden-yazdim-sohret-el-deniz

Visiontv.az