Çiçək və Çörək
27.03.2024

Novruz söhbətidir, mağazadaydım, yay köynəklərinə baxırdım. Yaşlı, arıq bir kişi əlində bir neçə bənövşə dəstəsi ilə içəri girdi. Çiçəklərdən yazın nəfəsi gəlirdi... Kassada 2 gənc qız vardı, qoca qızlara bir çiçək dəstəsi verdi. Qızlar şad oldular, bənövşəni sevinclə aldılar, qoxuladılar, sağ olun dedilər...

Amma qoca 1 manat pul istədi, çörək dalınca çıxmışam dedi. Qızlar pərt oldular, sakitcə çiçək dəstəsini qaytarıb kişinin qabağına qoydulr. Bəlkə pulları yox idi?! Bəlkə onlara çiçək bağışlayan yox idi?! Bilmirəm… Mən yaxınlıqda idim, "Çiçək və Çörək” dramının necə qurtaracağçnı səbrlə gözləyirdim. Bu cür soyuq sonluq ürəyimdən deyildi. Sakitcə kassaya yaxınlaşdım, 2 manat pulu bir dəstə çiçəyin üstünə qoyub çıxdım... Qızlar axı, iki idi...

Qızların sevinc səsləri eşidildi, qoca da sevinclə getdi… Yəqin çiçəklər də səssizcə sevindilər... Axı, qızılı da qızlara bağışlasan, sevinər…

Qalib Arif

visiontv.az