Canavar ovu: "Gülləyə gəlməyən tələyə gəlir"...
02.12.2023

Dostlar, bilirsiz Rusiyada canavarları necə ovlayırlar? Niyə bilmirsiz, Vladimir Vısotskinin “Canavar ovu”nu oxumamısız?!

Deməli, canavar dəstəsinin olduğu meşə boyu ağacların gövdəsinə, təxminən yarım metr hündürlükdə ip çəkirlər, sonra həmin iplərə hər metrdən bir qırmızı bayraqcıqlar asırlar. Iki-üç nəfər 7 - 8 itlə meşənin sıx yerindən düşür, səs-küylə canavarları açıqlığa doğru qovur. Açıqlıqda isə canavarları 7 - 8 ovçu əlində beşatılanla gözləyir... Bəli, gülləyə gəlməyən cəsarətli, sürətli heyvan tələyə gəlir...

Yeri gəlmişkən, canavar sürü ilə yaşamır, qışda, yem qıt olanda dəstə ilə yaşayır və dəstədə maksimum 10 - 15 canavar olur. Canavarların sayı dəstə başçısının cəsarətindən və hiyləgərliyindən asılıdır, əgər yem tapa bilirsə, canavarların sayı 15 - 20-yə qədər arta bilər. Canavar dəstəsi bir qayda olaraq, gündüzlər hərəkət etmir, dəstə ilə meşədə, dərədə gizlənir, gecələr hərəkət və ov edir. Yazda - yayda yem çoxalanda, balalama vaxtında bu dəstələr dağılır.

Sual edə bilərsiz ki, canavar o qədər axmaq, ya qorxaqdır ki, qaçıb aradan çıxmır, düz ovçunun üstünə gedir? Amma bu, doğrudan da belədir və təbiətin ən sərt vəhşilərindən biri adi qırmızı bayraqcıqlar asılmış səddi keçməkdən çəkinir. Əvvəllər hesab edirdilər, canavar qırmızı rəngdən qorxur, bunu alov zənn edir. Sonra sübut olundu ki, canavarlar da bütün canlılar kimi (insanlardan başqa!) dünyanı ağ-qara ekranda görürlər, yəni bayrağın yaşıl, ya göy olması vəziyyəti dəyişmir. Daha sonra belə bir fərziyyə meydana çıxdı ki, bayraqcıqlardan insan və dəmir, yəni ölüm qoxusu gəlir, odur ki, canavar bayrağa yaxınlaşmağa, rəngindən asılı olmayaraq, çəkinir. Amma bu fikrin də ömrü uzun çəkmədi, təcrübələr sübut etdi ki, insan qoxusu gəlmədikdə belə, canavar səddi keçməyə cəsarət etmir.

Maraqlıdır, deyilmi?! Bəlkə, canavar da insan kimidir, onu azadlıqdan, xoşbəxtlikdən ayıran sərhəddi, “QORXU” adlanan səddi keçə bilmir?! Axı, insan nə qədər döşünə döysə də, bu səddi keçməyə cəsarət etmir, əsarət altında, qul kimi yaşamağa üstünlük verir, amma üsyan etmir... Daha maraqlıdır ki, erkək canavarların, yəni “azad canavar”, “boz qurd” oyaması daşıyanların heç biri qırmızı bayraqcıqlar asılmış ipi keçmir. Yalnız dişi canavarlar - balası olanlar ipi keçib qaçmağa cəsarət edirlər. Beləliklə, canavar dəstəsi düz ovçunun, yəni ölümün üstünə gedir, amma qırmızı bayraqcıqlar asılmış ipi, “QORXU” adlanan səddi keçməyə cəsarət etmir. İnsan dəstəsi də belədir…

Qalib ARİF

visiontv.az