Bütün çətinliklərinə rəğmən, 2021-ci ilin büdcəsi sosialyönümlüdür - deputat Elnur Allahverdiyev
30.12.2020

Milli Məclisin deputatları 2021-ci ilin Dövlət büdcəsini təsdiq etdi. Əksər mütəxəssislər o cümlədən millət vəkilləri büdəcinin sosialyönümlü olduğunu deyilər. Bir qism isə ziddiyətli münasibət bildirir. Müsahibimiz Milli Məclisin deputatı Elnur Allahverdiyevdir.

- 2021-ci ilin dövlət büdcəsini necə xarakterizə edərdiniz?

- Çox müsbət. Bilirsiniz, bizim üçün əsas müzakirə obyekti 2021-ci ilin dövlət büdcəsinin hansı reallıqda və proqnozlar, gözləntilər şəraitində qəbul edilməsidir. 2020-ci il dövlətimizin və xalqımızın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir il oldu. 30 ilə yaxındır erməni tapdağında olan torpaqlarımızı azad etdik. Müharibə külli miqdarda vəsait deməkdir. Digər tərəfdən, bu il bütün dünya dövlətləri kimi bizim üçün də çətin başladı. Hazırda Covid-19 pandemiyasının ikinci dalğasını yaşayırıq. İqtisadiyyat tam gücü ilə işləmir, obyektiv səbəbələrdən məşğulluq problem mövcuddur, özəl sektor staqnasiya şəraitindədir və dövlətdən dəstək gözləyir. Bu sferada çalışan vətəndaşın da ümid yeri dövlətdir. Gələn il işğaldan azad olunmuş ərazilərimizin bərpasına 2 milyard manatdan çox vəsait ayrılıb. Bu da müəyyən mənada planlaşdırılmamış xərc, yatırımdır. Bu səbəbdən mən də bu qənaətdəyəm ki, büdcənin xərcləri və yükü artsa da, bütün sferalara ayrılan vəsaitin miqdarında artımın olması həqiqətən də pozitiv əlamətdir.

- Büdcənin sosialyönümlü olması fikrinə münasibətiniz?

- Bəli, sosialyönümlü xərclərdə artım var. Bununla belə, biz hökumətə bir sıra təkliflər ünvanladıq. Hesab edirik ki, müəyyən korrektələr edilə bilər və edilməlidir. Maliyyə naziri Samir Şərifov bildirdi ki, səslənən təkliflərə baxılacaq. Ümumiyyətlə, hökumətin fəaliyyətinin sön hədəfi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Yəni bu gün gələn ilin büdcəsində biz kənd təsərrüfatından tutmuş təhsil xərclərinədək artım müşahidə ediriksə, qazanan yenə də vətəndaş olmalıdır. Bu baxımdan, razıyam ki, yola saldığımız ilin bütün çətinliklərinə rəğmən, 2021-ci ilin büdcəsi sosialyönümlüdür. 
 

- Sizcə hərbi xərclərə ayrılan vəsait Qarabağda və regionda baş verənlərə adekvatdırmı?

- Bununla bağlı müxtəlif fikirlər var. Məsələn, biz müharibədə qalib gəlmişik, düşmənin ordusunu məhv etmişik və bilirik ki, şərti olaraq, yaxın 10 ildə Ermənistan silahlı qüvvələri özünə çətin gələ. Ancaq bu düşüncə müəyyən mənada arxayınlaşma ola və faciəvi nəticələrə yol aça bilər. Azərbaycan Ordusu daima yüksək səviyyəli silahla təmin edilməli və sanki sabah müharibə başlayacaq təki hazırlıqlı olmalıdır. Həm düşmənimiz hiyləgərdir, ən alçaq yola əl atmaqla məqsədinə nail olmağa çalışır. Həm də beşinci nəsil müharibəsini nümayiş etdirmiş ölkəmizin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin və ruhunun saxlanılması reallığın tələbidir.

Dünya praktikası da bunu deyir. Məsələn, qardaş Türkiyə Kipr gərginliyindən sonra ordusunu daha da gücləndirdi. Qərb dövlətlərinin silahlı qüvvələrində daima yenilənmə və təkmilləşmə gedir. Üstəlik, Vətən müharibəsi ərzində bizim də itkilərimiz olub, texnikamız sıradan çıxıb. Biz onların yerini doldurmalı və müharibədən bəzi nəticələr çıxarmalıyıq. Elə silahlar var, istifadə olunmayıb, çünki bizim reallıqlarda onlara ehtiyac duyulmayıb. Deməli, bəzi silahların təmayülü dəyişdirilməlidir, yeniləri alınmalıdır və s. Bu baxımdan, hərbi və təhlükəsizlik xərclərimizin artırılması zəmanənin diqtəsidir.  

- Bəzi mütəxəssislər işğal olunmuş ərazilərin bərpası üçün ayrılmış vəsaitin az olduğunu iddia edirlər.

- Birincisi, ayrılan vəsait kiçik deyil. İkincisi isə, axı bu, yalnız bir il üçün ayrılmış vəsaitdir. Bilirsiniz, tutaq ki, 2 deyil, 20 milyard manat ayrıldı. Ancaq hansı işlərə? Biz gələn il azad olunmuş torpaqlarda hansı vəzifələri yerinə yetirəcəyik? Yaşayış binaları tikəcəyik, yoxsa istehsal sahələri yaradacağıq? Aydındır ki, hazırki durumda bu, qeyri-real görünür. Ərazinin minalardan təmizlənməsi üçün vaxt tələb olunur, normal hərəkəti təmin etməyə yol infrastrukturu olmalıdır və s. Bu məntiqlə, hansı işlər görüləcəksə, o işlərin həcminə dair də vəsait ayrılıb. Bir məqamı da unutmayaq: özəl sektor da bərpa işlərində yaxından iştirak edəcək. Ona görə də, güman edirəm ki, bu, son rəqəm deyil. 30 ildə məhv, talan edilmiş, viran qoyulmuş torpaqları bir ilə bərpa etmək çətindir.

- Pandemiya və müharibə dövründə özəl sektorun fəailiyyətində ciddi geriləmələr oldu. Əksəriyyəti ciddi maliyə sıxıntısı yaşayır. 2021-ci il büdcəsində özəl sektora yardımların, dəstəyin edilməsi üçün hansısa ciddi imtiyazlar veriləcək?

- Geriləmələr yumşaq desək, ciddidir. Özəl sektor ilin böyük hissəsini işləmir, dayanıb. Özəl biznesin özünə gəlməsi, pandemiyaərəfəsi səviyyəyə qayıtması üçün zaman tələb olunacaq. Məsələn, götürək turizmi. Pandemiyadan əvvəl mövcud olan əlaqələrin, marağın bərpası iki-üç ayın işi deyil. Bu sektor bir ildir durğunluq yaşayır. Onun hələ itkilərini bərpa etməsi üçün nə qədər vaxta ehtiyacı olduğunu düşünməliyik, nəinki gəlir həddinə çıxması.
O ki qaldı imtiyazlara. Yük əlbəttə, yenə də dövlətə düşəcək. Özəl sektora ötən ildə olduğu kimi, dəstək göstərilməlidir və artıq bu barədə müəyyən məlumatlar var. Gələn ilin ilk günlərində daha ətraflı açıqlamaların veriləcəyini istisna etmirəm.

- Böyük layihələrin həyata keçirilməsi mükün olacaqmı. Bu barədə büdcədə nə isə nəzərə alınıb?

- Bizim böyük layihələrimizin hamısı reallaşıb. İstər neft-qaz, istər nəqliyyat layihələri. Məncə, əsas ağırlıq milli iqtisadiyyatın bərpasına salınacaq, başlıca yatırım yerli istehsala ediləcək və fikrimcə, belə də olmalıdır. Ancaq əgər iri layihələrdən danışırıqsa, misal üçün, Ermənistanın kapitulyasiyasını əks etdirən üçtərəfli bəyanatın şərtlərindən biri olan Naxçıvan Muxtar Respublikasına çəkiləcək nəqliyyat dəhlizini götürə bilərik. Həm avtomobil yolunu, həm dəmir yolu xəttini. Azərbaycan bu dəhlizin çəkilməsində başlıca iştirakçı olacaq, bunun üçün bizim yetərincə imkanlarımız var. Bu yol bizim üçün strateji əhəmiyyət daşıyır, ancaq həm də transmilli əhəmiyyətlidir.

Musahibəni aldı: İlahə Əliyeva