Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb - 1-ci günün duası
14.04.2021

Bu gündən müqəddəs Ramazan ayı başlayır. Visiontv.az xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə müqəddəs Ramazan ayının biridir.

Ramazan ayı boyunca başda oruc olmaqla, vacib edilmiş bütün əməllərin məqsədi insanı Allaha tərəf qaytarmaq və onun mənəviyyatını dirçəltməkdir.

Ramazan ayının birinci gününün münacatında oruc tutanlardan əməllərini pak niyyətlə, ilahi hədəflə, riyakarlıqdan uzaq olmaqla yerinə yetirmələri tələb olunur. Ramazan ayı boyunca müsəlman yerinə yetirdiyi ibadətlərin puç olmaması üçün saf niyyətli olmalı və qeyri-ilahi mənafelərdən uzaq olmalıdır. Ona görə də oruc tutan bir şəxsin ac-susuz qalması onun orucunun qəbul edilməsi demək deyil.

Birinci günün duası belədir: “Allahumməcəl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən nəvmətil-ğafilinə və həb li curmi fihi ya ilahəl-aləmin. Vəfu ənni ya afiyən ənil-mucrimin!”

“İlahi, bu gün mənim orucumu həqiqi oruc, sənə edəcəyim ibadəti ixlasla ibadət edənlərin ibadətindən hesab et. Bu gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin məbudu və ey günahkarları əfv edən!”

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Razamanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22–ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.