“Böyük Azərbaycan naminə Əziz Əliyev” - İngilislərin İran və Türkiyə siyasətində “SEVİMLİ SİLAHI”
24.07.2024

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb. Yazının əvvəli 23 iyul 2024-cü il tarixdə Medianews.az saytında dərc olunub.

SSRİ-nin İrandakı səfiri A.Smirnov 1941-ci il üçün illik hesabat məruzəsində yazırdı (ARDA, f. 28, siy. 4, s. v. 2, vər. 46 – 62): “İranda – Kürdüstan və Luristanda ingilislər kürd tayfalarının başçılarını və lurları İngiltərə ilə əməkdaşlığa razı salmağa çalışırlar. Eyni zamanda Qaşqaylar və Bəxtiyarilərlə də iş aparılır. Xuzistan Şeyxinin rüşvətə meylliliyindən istifadə edib, onunla sıx əlaqələr qurmuşlar. Onlar Xuzistan ərəblərinə müharibədən sonra müstəqillik vəd edirlər”.

Müstəqil Kürdüstanı istəyən məşhur kürd hərəkatının liderlərinə ingilislərin gizli dəstəyi də var idi. İngilislər İranın dövlət aparatına öz adamlarını yerləşdirmək üçün hər cür səy göstərir və kino, radio verilişləri, kitab mağazaları, jurnallar və s. ilə böyük təbliğat aparırdılar.

Ona görə də M.C.Bağırov  digər təlimatında Əziz Əliyevə xəbərdarlıq edirdi ki, kürd məsələsində diqqətli olmaq lazımdır (ARPİİİSSA, f. 1. siy. 89, iş. 4, səh. 91 – 92): “Kürd məsələsi İran və Türkiyə siyasətində ən həssas nöqtə və ingilislərin əlində ən sevimli silahdır. Biz bunu heç vaxt unutmamalıyıq, xüsusən də bu dəqiqə. Kürdləri Güney Azərbaycanın azərbaycanlıları ilə barışdırmaq üçün hər şeyi etməliyik və bunun əsasında bütün vasitə və qüvvələrlə kürdləri özümüzə yaxınlaşdırmalı, azərbaycanlılara kömək etdiyimiz kimi onlara da kömək etməliyik”.

Digər bir tərəfdən M.C.Bağırova ünvanlanmış Sovet İttifaqı Hərbi Baş Kəşfiyyat İdarəsinin arayışında (ARDA, f. 28, siy. 4, s. v. 2, vər. 46 – 62) göstərilirdi: “Kürdlərin muxtariyyət və müstəqillik uğrunda mübarizəsi öz ictimai məzmununa görə feodal-tayfa qruplaşmalarının siyasi mərkəzləşməyə qarşı mürtəce müdafiəsidir. İranda kürd separatizmi həmişə xarici qüvvələrin silahı olub. Kürdlərlin bu səhv xəttindən qəti şəkildə imtina etməliyik… Bu, o demək deyil ki, biz kürdlərlə hər cür təmasdan və bu əlaqələrdən öz maraqlarımıza istifadə etməkdən əl çəkməliyik, lakin Şimali İranda siyasi işimizdə azərbaycanlılara xüsusi önəm verilir və verilməlidir. Kürd soyğunlarının aradan qaldırılmasında azərbaycanlılara kömək göstərilməlidir. Bu, müvafiq olaraq İrandakı digər qəbilələrin separatçı hərəkatlarına da aiddir”.

Məhz bu ziddiyyətlərə son qoymaq üçün, təlimata uyğun olaraq Əziz Əliyev yerli tayfalarla iş aparmağa başlayır və qısa müddətdə bu, öz nəticəsini verir. Biz bunu  M.C.Bağırovun Əziz Əliyevə yazdığı məktubdan da başa düşürük (ARPİİİSSA, f. 1. siy. 89, iş. 4, səh. 93): “Assuriyalılar, məsələn, həmişə ingilis yönümlü olublar və eyni zamanda Britaniya kəşfiyyatının agentləri olublar, ona görə də onların bugünkü fəaliyyəti müəyyən dərəcədə şübhəlidir. Sizin (Əziz Əliyev nəzərdə tutulur, – A.M.) Təbriz ziyalılarının, şahsevən və kürd tayfalarının başçılarının Bakıya gəlməsi ideyasını bəyənirəm, lakin onların görüşünü yüksək səviyyədə təşkil etmək lazımdır”.

Bu göstərişə əsasən noyabrın 18-də Şahsevən tayfalarının başçıları, noyabrın 20-də Təbriz ziyalılarının nümayəndələri, 27-də kürd tayfalarının başçıları Bakıya gəlirlər. M.C.Bağırov hər üç nümayəndə heyətini yüksək səviyyədə qəbul edir.

Bu görüşdə Bağırov vurğulayır ki, (ARPİİİSSA, f. 1. siy. 89, iş. 10, səh. 137-138) İran hökuməti Azərbaycandan götürdüyü sərvətin heç olmasa bir hissəsini bu regionun abadlaşdırılmasına xərcləməyib: “Ona görə də biz səsimizi ucaltdıq və dedik ki, bəsdir, beş milyonluq xalqı yoxdan saymaq. Görünür, nəinki İranda yaşayan azərbaycanlı qardaşlar, hətta İran hökumətinin özü də bunu başa düşüb; lazım gəlsə, yenə səsimizi ucaldacağıq. Hanı məktəblər, hanı Azərbaycan dili, hanı təhsil, hanı Azərbaycan dilində qəzetlər, kitablar? Bu sualları onlara verəcəyik. Amma indi vaxtı deyil… Biz istəyirik ki, Azərbaycan xalqına öz üzərində sərəncam vermək hüququ verilsin. Biz azərbaycanlı olduğumuza görə fəxr etməliyik. Biz şərəfin nə olduğunu bilirik. Qul olmağı dayandırın, onilliklər, əsrlər boyu Azərbaycan xalqı əsarətdə olub… Sözdə, əməldə bir olsanız, böyük işlər görərsiniz… Sizə kömək etmək bizim borcumuzdur. Burada gördüyünüz hər şey Azərbaycan xalqına məxsusdur. Sizin də Azərbaycan övladları olaraq burada öz payınızı tələb etmək hüququnuz var. Amma siz də hərəkət etməlisiniz. Millətin qanı qaynamalıdır”.

Təsadüfi deyil ki, İranın daxili işlər naziri Cahanbani Azərbaycan vilayətinin məmurlarının və imkanlı şəxslərinin iştirakı ilə iclasda azərbaycançılıq ideyasının İran dövlətçiliyinə nə qədər ziyanlı olduğunu və bu ideyanın qarşısını almaq üçün şiə birliyi təbliğinə güc verməyi əsas təlimat hesab edirdi.

Müəyyən vaxtdan sonra M.C.Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və o da öz növbəsində 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barəsində Stalinə məlumat verir. O dövrdə fars dilini bilən azərbaycanlı kadrlarımız çox az idi. Ona görə də bəzi tərcümələr cox təhrif olunurdu və bunun da çox ciddi fəsadlarını Əziz Əliyev öz üzərində yaşayırdı. Əziz Əliyevin yerli xalqla görüşü bir qayda olaraq Azərbaycan dilində aparılırdı, Moskvaya göndəriləcək hesabatlar isə daha çox diplomatik korpuslarda çalışan ermənilər tərəfindən rus dilində hazırlanırdı. Bu da bir çox hallarda tərcümə təhriflərinə yol açırdı. Bu faktor M.C.Bağırovu hər dəfə Moskva qarşısında əlavə izahatlar verməyə və tərcümə xətalarının nəticəsi kimi anlaşılmazlığın olduğunu göstərməyə məcbur edirdi.

Burada həm də qərəz vardı, ona görə də Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri Andrey Smirnov arasında bu və digər vacib məsələlər ilə bağlı ciddi fikir ayrılıqları yaranmışdı. Bu ziddiyyət Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra daha da kəskinləşmişdi. Həmin məktubda o, yerli əhalidən, yəni azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edir.

24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova “Cənubi Azərbaycan haqqında hesabat”ında yazırdı: “Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də “Vətən yolunda” qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur”.

Ona görə də Əziz Əliyev Təbrizə Bakıdan gəlmiş Azərbaycan ziyalılarından bir qismini “Vətən yolunda” qəzetini çıxarmağa cəlb edir, bir qismini milli məktəblərin  yaradırmasına qoşur, bir qrup azərbaycanlıları isə fars dilini mükəmməl öyrənmək  üçün Moskvaya diplomatik kurslara yollayır.

Ardı var…

visiontv.az