Biz nə tarixi şəxsiyyətlərimizlə nə də tarixi abidələrimizlə necə davranmalı olduğumuzu düz-əməlli bilmirik
20.04.2024

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Və bu gün həm də dərindən düşünməli olduğumuz bir gündür.

Tarixə düzgün yanaşa bilməyimiz üçün, tarixlə düzgün davranmağımız üçün, tarixi şəxsiyyətlərimizə qarşı düzgün münasibət formalaşdırmağımız üçün düşünməliyik. Çünki biz imperiya buxovlarından, rus müstəmləkəçiliyindən qurtulmuş bir xalqıq.

İmperiya 200 il ərzində bizim tarix şüurumuzu zədələyib, qan yaddaşımızı silməyə, bizi tamamilə manqurtlaşdırmağa çalışıb, tariximizi təhrif edib, çoxlu dolaşıqlıqlar yaradıb. Ona görə də biz artıq 33 ildir müstəqil olsaq da, lakin hələ də tariximizə, tarixi şəxsiyyətlərimizə qarşı düzgün münasibət formalaşdıra bilməmişik.

Biz son 33 ildə öz tarixi şəxsiyyətlərini sevən, onları uca tutan bir topluma çevrilə bilməmişik. Əksinə, biz öz tarixi şəxsiyyətlərini qamçılayan bir cəmiyyətə çevrilmişik.

Əfsuslar olsun ki, biz öz tarixi şəxsiyyətlərimizi aşağılmaqdan, linç etməkdən həzz alırıq.

Biz hələ də Ağa Məhəmməd şah Qacara qarşı düzgün, obyektiv, gerçəkçi münasibət formalaşdıra bilmirik, köhnə sovet stereotiplərinə, klişelərinə uyğun olaraq onu hələ də işğalçı hesab edirik.

Bizim Şah İsmayıl Xətaiyə də, Nadir Şaha da münasibətimiz yarımçıqdır, qüsurludur. Məhəmməd Əmin Rəsulzadəyə də, Nəriman Nərimanova da münasibətimiz, mövqeyimiz tam deyil.

Biz öz dahilərimizi dahi adlandırsaq da, lakin onları dəyərə çevirə, onları tariximizin "olmazsa olmaz"ları halına gətirə bilmirik.

Biz öz tarixi şəxsiyyətlərimizə damğa vurmağı sevən və bundan az qala həzz alan mazoxist fərdlərin əhatəsində yaşayırıq.

Bizim bəzi fərdlərimiz tariximizə və tarixi şəxsiyyətlərimizə vətəndaş şüuru ilə yox, terrorçu kimi yanaşır. Məsələn, Şah İsmayıl Xətaiyə qarşı mənəvi terrorçu kimi davranan, onu böyük dövlət xadimimiz kimi, ilk imperiya qurucumuz kimi görmək, dəyərləndirmək əvəzinə, nəyin bahasına olursa-olsun məzhəbçi kimi tanıtmağa cəhd göstərən, Səfəviləri Əhəmənilərin və Sasanilərin davamçısı kimi təqdim edən tarix qatillərimiz də var.

Biz heç tarixi abidələrimizlə necə davranmalı olduğumuzu da düz-əməlli bilmirik.

Nə qədər acı həqiqət olsa da, İçərişəhərin qala divarlarına düşük sözlər yazan, oradakı tarixi məkanları bərbad hala salıb özünə restoran, kafe düzəldən, ofis açan vandallar da bizim aramızdan çıxır.

Rayonlardakı qədim məzarlıqlarda qoç abidələrinin başlarını qıranlar, dağılmaqda olan abidələrin daşlarını, kərpiclərini daşıyıb ev tikən, dükan açan varlıqlar da bizim mühitin "məhsul"udur.

Tarixi məkanlarda minaaxtaran cihazlarla küp, dəfinə axtaranlar da bizim toplumun yetişdirmələridir.

Paytaxtımızda tarixi-memarlıq əhəmiyyətli binaların üst qatında artırmalar edən, əlavə tikililər qondaran görməmiş oliqarxlar da nə yazıq ki, bizim xalqın övladlarıdır.

Bir sıra bölgələrimizdə (o cümlədən Naxçıvanda) tarixi-memarlıq abidələrini restavrasiya edərkən, onları ilkin görünüşünə uyğun formada bərpa etmək əvəzinə, ifrat dərəcədə modernləşdirib eybəcərləşdirənlər də bizik.

Bir sözlə, biz keçmişimizlə bu günümüz arasında qırılmış tarixi əlaqələri, yüz il, iki yüz il, beş yüz il öncəki soydaşlarımızla indiki nəsillər arasında mənəvi bağları hələ də tam və düzgün şəkildə bərpa edə bilmirik.

Nəsillər arasında tarixi rabitə yoxdur, duyum yoxdur, hissiyat yoxdur.

İmperiya bütün bunları elə bir şəkildə zədələyib ki, biz onları bərpa etməyin, bütünləşməyin, bütövləşməyin, yenidən TAMlaşmağın universal, səmərəli həll yolunu hələ də tapa bilmirik.

Qeyd edim ki, sadaladığım bütün bu neqativlər, əyər-əskiklər, deformasiyalar təkcə bizdə yox, bütün postsovet ölkələrində müşahidə olunmaqdadır. Və hətta öz tarixinə münasibətdə sözün əsl mənasında dağıdıcı, yıxıcı, yaxıcı münasibət sərgiləyən toplumlar da var. Ermənilər buna ən bariz nümunədir. Hazırda ermənilər öz tarixlərinə, o cümlədən qondarma “1915-ci il soyqırımı”na münasibətdə müxtəlif qütblərə parçalanıblar. Bu da səbəbsiz deyil. Çünki məğlub toplumlar özlərinə, öz tarixi keçmişlərinə münasibətdə dağıdıcılıq, yıxıcılıq mövqeyindən çıxış edirlər. Paşinyanın da ötəki yandan erməni toplumunu dekonstruksiya edib islah etməyə, zəhərli tarix miflərinin buxovundan xilas etməyə çalışması, ümumiyyətlə, hazırkı erməni cəmiyyətində tarixi məsələlərə münasibətdə əsl xaosa gətirib çıxarıb.

Lakin ermənilərdən fərqli olaraq biz qalib toplumuq. Qalib toplumun tarixə münasibəti də fərqli olmalıdır. Ən azından son 500 illik tariximizə fərqli açıdan, yeni konseptlə, bütöv şəkildə yanaşmağı bacarmalıyıq. Tarix keçmişimiz, bu günümüz və gələcəyimizi küll halında, davamlı “yol xəritəsi” şəklində görə bilməyimiz üçün ip ucudur, start nöqtəsidir...Bir mətn illüstrasiyası ola bilər

P.S. Qobustan qayaüstü təsvirlərinin əks olunduğu bu kompozisiyanın müəllifi rəssam dostumuz Səidə Musayevadır.

(davamı olacaq)

Bəybala Mirzəyev

visiontv.az