Biri yazır ki, siz necə müxalifətçisiz ki, İlham Əliyevi müdafiə edirsiz - Elbəy Həsənli
Biri yazır ki, siz necə müxalifətçisiz ki, İlham Əliyevi müdafiə edirsiz - Elbəy Həsənli
13.11.2020 Elbəyi Həsənli Tərəfindən

Müxalifətçiyəmmi? Mən cənab prezidentin Qarabağla bağlı apardığı siyasəti ikiəlli dəstəkləyirəm. Məncə, bu məsələdə İlham Əliyevə müxalif olmaq Azərbaycan dövlətinə və xalqına xəyanətdir.

Bəs, İlham Əliyevin yeritdiyi siyasətdə nəyəsə etiraz edirəmmi? Edirəm. Nəyə?

- Azərbaycanda keçirilən bütün seçkilərin nəticəsi total şəkildə saxtalaşdırılıb. Normal siyasi mühit yoxdur. Müxalifətin bəzi qruplarına qarşı ciddi təzyiq göstərilir. Bir çox hallarda onları şərləyib həbs edirlər. (Xarici dövlətlərə bağlı olan qrupları isə siyasi meydandan iti qovan kimi qovmaq lazımdır. Əcnəbinin nökəri olan Azərbaycana ancaq və ancaq bəla gətirər.)

- Azərbaycanda onlarla siyasi məhbus var. Heç bir halda Azərbaycanda siyasi məhbus olmamalıdır. Xarici ölkələrə işləyənlərə isə “vətənə xəyanət” maddəsi ilə cinayət işi açılmalıdır.

- Media total şəkildə hökumətin nəzarəti altındadır. Ona görə də media müstəvisində biabırçı vəziyyət yaranıb.

- Ölkədə regionçuluq, klançılıq kimi eybəcərliklər göz çıxarır.

- Hər addımbaşı Azərbaycan insanı rüşvət və korrupsiya ilə qarşılaşır. Düzdür, son vaxtlar bir çox yırtıcı məmur abır-həyası və bacarığı ilə seçilən kadrlarla əvəz olunub. Bu prosesi dərinləşdirmək gərəkir.

Başqa məqamlar da var. Uzatmaq istəmirəm. Mənə görə, Azərbaycanda xeyli əvvəl başlamış iqtisadi və siyasi islahatlar davam etməlidir. Təbii ki, indiki dar macalda bu kimi məsələlərə xüsusi diqqət ayırmaq çətindir. Amma bu kimi məsələlər heç bir halda gümdəmdən çıxmamalıdır...

Bir şeyi də deyim. İlham Əliyev artıq milli liderdir. O, özünü heç bir halda iqtidarın təmsilçisi kimi aparmalı deyil. Ona görə də rahat bir şəkildə sadaladığım problemlərin həllinə girişməlidir. Ümid edirəm ki, Qarabağla bağlı ortada olan gərginlik aradan qalxandan sonra cənab prezident bu problemin həllinə köklənəcək...

Mənim düşüncəmə görə, Azərbaycanda milli dəyərlərimizə söykənən namuslu dövlət idarəçiliyi formalaşmalıdır. Azərbaycan vətəndaşı ləyaqətli bir ölkədə yaşamaq istəyir. Xalqımız buna layiqdir və Azərbaycan siyasətçiləri xalqın bu arzusunu həyata keçirməlidir.

Bu düşüncədə olan adam müxalifətçimi sayılır, yoxsa iqtidarın yanındadır? Bilmirəm. Bildiyim odur ki, millətimin və dövlətimin maraqlarına hesablanmış yaxşı işləri müdafiə, bu maraqlara qarşı olan pislikləri isə rədd edirəm...

Visiontv.az