Bayden niyə Fransanı "vurur" və İslam dünyasından üz çevirir?
Bayden niyə Fransanı "vurur" və İslam dünyasından üz çevirir?
21.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Və yaxud, günün sualı: Bayden niyə Fransanı "vurur" və İslam dünyasından, Yaxın və Orta Şərqdən üz çevirir?

Necə oldu ki, Paris və Vaşinqtonun münasibətləri bir anın içərisində pozuldu? Axı Fransa ilə ABŞ-ın münasibətlərində baş verən böhranı heç kim gözləmirdi. Odur ki, son iki gündə təkcə fransızlar deyil, bütün dünya ictimaiyyəti ABŞ-Fransa, İngiltərə-Fransa münasibətlərində baş verən çatları, birdən-birə meydana çıxan kəskin fikir ayrılığını böyük bir heyrət içində izləməkdədir. Sanki bu dövlətlərin arasından yepyekə qara bir pişik keçib. Və hazırda bu keçmiş müttəfiqlərin arasında dərin böhran yaşanır.

Bəs böhranın səbəbi nədir?

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian əvvəlcə ilkin versiya kimi Avstraliyanın Fransadan alacağı bahalı atom sualtı qayıqları ilə bağlı müqaviləyə xitam verilməsinin Fransa ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olduğunu bildirdi.

Daha sonra isə İsveçrə də Fransadan hərbi təyyarələr almaq planından vaz keçdi və bunun əvəzində amerikan istehsalı olan təyyarələr alacağına qərar verdi.

Hər iki ölkənin Fransa ilə anlaşmalardan geri çəkilməsi Fransa iqtisadiyyatına ağır sarsıdıcı zərbə vurmaq iqtidarındadır. Çünki söhbət milyardlarla dollarlıq böyük müqavilələrin pozulmasından gedir. Və bu müqavilələrin pozulmasının arxasında da məhz ABŞ dayanır.

Ancaq məsələ nə sualtı qayıq, nədəki təyyarə məsələsi deyil. Bunlar necə deyərlər, "aysberq"in görünən tərəfləridir.

ABŞ-ın Fransanı cəzalandırmasının arxasında konkret olaraq üç qlobal geosiyasi və geoiqtisadi amil dayanır.

Birinci səbəb, bir müddət əvvəl Makronun NATO-dan imtinanın zamanının gəlib çatması barədə açıqlamalar verməsi və Avropa Birliyinin ABŞ-dan asılılığına son qoyulmasının vacibliyi barədə fikirlər səsləndirməsi ilə bağlıdır. Belə ki, Merkelin yaxın vaxtlarda hakimiyyətdən gedişindən sonra özünü Birləşmiş Avropanın "şəriksiz lider"i postunda görən Fransa prezidentinin tükənməz ambisiyaları Co Baydenin planları ilə tərs-mütənasiblik təşkil edir. Trampdan fərqli olaraq Bayden Makronun dikbaşlığını həzm etmək fikrində deyil. Bayden Çinə və Rusiyaya qarşı mübarizədə Avropa Birliyi (AB) ölkələrini də ABŞ-ın yanında görmək istəyir. Makron isə buna ciddi əngəl törədə biləcək fiqurlardan biri sayılır. Odur ki, Bayden Avstraliya və İsveçrənin Fransa ilə işbirliyinə birdən-birə xitam verməklə Makrona sarsıdıcı zərbə vurdu. Yaxınlaşmaqda olan növbəti prezident seçkiləri ərəfəsində bu Makron üçün sözün əsl mənasında  "soyuq duş" oldu...

İndi həm Makron, həm də AB-nin rəsmiləri Baydenə qarşı çox qəzəblidirlər. Zarafat deyil, Baydenin bu mürəkkəb və çevik kombinasiyasının nəticəsində Fransa təkcə Avstraliyanın müqavilədən geri çəkilməsinə görə təxminən 66 milyard dollarlıq gəlirdən məhrum olacaq. Həmçinin İsveçrənin də müqavilədən çıxması Fransaya bir neçə on milyard dollara başa gələcək.

Fransanın hakim dairələri və ekspertləri bunu Fransaya arxadan vurulmuş zərbə kimi, xəyanət kimi dəyərləndirirlər. Odur ki, bu günlərdə Fransada hətta NATO-dan çıxmaq haqda da fikirlər eşidilməkdədir. Lakin çox güman ki, Makron general Şarl de-Qollun bu addımını təkrarlamağa cürət etməyəcək. Ancaq Fransanın ABŞ-dakı və Avstraliyadakı səfirlərini geri çağıracağı şəksizdir. Ola bilsin ki, İngiltərədəki səfir də geri çağrılacaq.

Lakin Britaniyanın Baş naziri Boris Conson Avstraliyanın AUKUS razılaşmasını imzalamasına görə Fransanın AUKUS müqaviləsindən narahat olması üçün səbəb olmadığını söyləyib.

Avstraliyanın Baş naziri Skott Morrison isə Fransa ilə 66 milyard dollarlıq sualtı qayıq sövdələşməsini ləğv eləmək qərarından peşman olmadıqlarını bildirib. Bu baxımdan, Morrisonun məsələ ilə bağlı açıqlaması da xüsusi maraq doğurur.

Belə ki, S.Morrison ilk növbədə Avstraliyanın milli mənafeyinin qorunmasının hər şeydən önəmli olduğunu vurğulayıb: “Avstraliyanın milli mənafeyini birinci yerə qoymaq qərarına görə peşman deyiləm. Heç vaxt da peşman olmayacağam”.

Bu arada Avropa Komissiyasının (AK) rəhbəri xanım Ursula fon der Leyen Fransa və Avstraliya arasında sualtı gəmilərlə bağlı razılaşmanın pozulmasından hiddətləndiyini ifadə edib. Onun fikrincə, Avstraliya, Böyük Britaniya və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əldə olunmuş AUKUS tərəfdaşlığına qoşulmaq istərkən Avropa Birliyinin (AB) üzv ölkələrindən biri ilə (yəni ki, Fransa ilə) qəbuledilməz şəkildə hərəkət edilib.

Ancaq Baydeni indi nə Makronun, nədəki Ursula fon der Leyenin nə deməsi, nə düşünməsi əsla narahat etmir. Çünki Baydenin əsas hədəfi Fransanı və ya AB-ni zəiflətmək deyil. Fransaya qarşı atılmış bu son addımlar sadəcə taktiki-profilaktik xarakterli addımlardır.
Əsas hədəfdə olan məhz Çindir.

Bayden hazırda məhz Çinə qarşı ikinci "Soyuq müharibə"ni başlatmağa hazırlaşır. Onun Avstraliyanı Fransanın "ağzının içindən"  qamarlayıb öz yanına alması və ABŞ-İNgiltərə-Avstraliya üçlüyündən ibarət AUKUS hərbi-iqtisadi itifaqını yaratması da məhz bununla bağlıdır.

Bayden ABŞ-ın xarici siyasət və hərbi doktrinasını köklü şəkildə dəyişməyə qərar verib. İndi ABŞ xarici siyasətinin əsas vektoru Yaxın və Orta Şərq yox, Cənub-Şərqi Asiya bölgəsi, Hind-Çin yarımadası və konkret olaraq Çindir. Bayden yaxın 30 ildə ABŞ-ın əsas potensial rəqibi qismində məhz Çini görür.

Artıq ərəb ölkələri də, Əfqanıstan da ABŞ üçün əvvəlki önəmini və cazibəliliyini itirib. Bu ölkələr artıq AB-ın xarici siyasəti üçün prioritet təşkil etmir. ÇünkiBirləşmiş Ştatlar indiyə qədər Yaxın və Orta Şərq ölkələrindən nəyi ala, nəyi sömürə bilərdisə onların hamısını sömürüb, süpürüb. Artıq bu regionun hətta neft resursları da ABŞ üçün əvvəlki kimi cəzbedici deyil. Odur ki, Bayden birdən-birə bu bölgədən çəkilməyə və ABŞ-ın üzünü Cənub-Şərqi Asiyaya tərəf döndərməyə qərar verdi. ABŞ-ın Əfqanıstan sürpriz şəkildə çəkilməsi də məhz bununla bağlıdır. Bayden ilk növbədə məhz Çinlə mübarizə aparmağı başlıca hədəf seçib. Və bu məsələdə ABŞ-ın ən yaxın müttəfiqləri qismində İngiltərə və Avstraliya çıxış edəcək.

Baydenin son günlər fransızları və dünya ictimaiyyətini heyrətləndirən addımlar atmasının ikinci qlobal səbəbi bax budur.
Baydenin bu addımları həqiqətən də hamı üçün çox sürpriz gəlişmələr oldu. Çünki heç kim - nə Makron, nədəki digərləri Baydenin bu cür əsl qrossmeyestr sayağı qlobal geosiyasi gedişlər edəcəyini gözləmirdi. Ona görə də hamı Baydenin bu planlarından şokdadır.

BMT-nin Baş katibi Antonio Quterreş isə baş verənləri dərin narahatlıq hissilə qarşılayıb.

A.Quttereş, dünən CNN-ə müsahibəsində bildirib ki, "yeni “Soyuq müharibə”dən qaçmaq lazımdır. ABŞ və Çin arasında kəskinləşən fikir ayrılığı dünya üçün təhlükəlidir. Onları yeni “soyuq müharibə”dən qaçmağa çağırırıq. Mən hesab edirəm ki, yeni “soyuq müharibə”dən qaçmaq lazımdır, çünki köhnə “soyuq müharibə”ni idarə etmək asan idi. İndi hər şey mürəkkəbdir”.

Ancaq görünən budur ki, nə Baydenin, nədəki Si Zinpinin BMT Baş katibinin bu çağırışına məhəl qoymaq fikirləri yoxdur.

Və nəticədə dünya qarşısıalınmaz yeni proseslər mərhələsinə daxil olacaq. Və bu proseslərdə Azərbaycan olaraq biz də öz yerimizi müəyyənləşdirməliyik. Bu proseslər və üçüncü səbəb barədə isə növbəti yazımızda danışarıq...

Siyasi şərhçi Bəyabala Mirzəyev

Visiontv.az