Azərbaycanda niyə növbədənkənar Parlament seçkiləri keçirilir? - VİDEO
Azərbaycanda niyə növbədənkənar Parlament seçkiləri keçirilir? - VİDEO
10.07.2024 Şöhrət El-Dəniz Tərəfindən

Artıq məcburi köçkün vətəndaşımız olmadığı üçün, köçkün millət vəkili terminindən də qurtulmalıyıq.

Azərbaycanda niyə növbədənkənar Parlament seçkiləri keçirilir? Bu sualın cavabını bilib, amma qəsdən verənlər də var, bilməyib soruşanlar da. Bilib bu sualı verənlər nə Azərbaycanın bütövlüyünü görmək istəmir, nə də Bütöv Azərbaycanın son 200 ildə qazandığı qələbənin miqyasını, yeni epoxanın başlandığını dərk etmir. Ya da qəsdən dərk etmir. Bütün hallarda bu sualın cavabını bilib, amma yenə sual verənlərin fikirlərində, əməllərində bir qəsd amili var. Bilməyib soruşanlara isə biz cavab verməliyik, başa salmalıyıq ki, Azərbaycanın son 200 ildə əldə etdiyi uğurun yaratdığı reallıqları aydın təsəvvür etsinlər.

Əslində bu sualın cavabını Prezident İlham Əliyev 5 ay bundan əvvəl keçirilən növbədənkənar Prezident seçkilərində vermişdi. Sitat: “ Seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu epoxal bir hadisəyə çevrildi. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdı. Təbii ki, yeni dövr başlayarkən, prezident seçkiləridə yeni dövrün başlanğıcı olmalıdır. Hər bir dövr bir zaman kəsiyidir. Və 30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi, suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcıdır”. 
Bəli biz yeni və şanlı bir dövrün başlanğıcındayıq. Və Prezident İlham Əliyevin dediyi kimi Qarabağda əldə etdiyimiz qələbə epoxal bir hadisə oldu. Azərbaycan çox əsirlik tarixi boyu əldə etdiyi ilk və şanlı qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Deməli bütövləşən Azərbaycan üçün yeni və növbədənkənar prezident seçkiləri kimi növbədənkənar parlament seçkilərinin də keçirilməsinin vacibliyi və vaxtı yetişdi. 
İşğaldan azad edilən ərazilərimiz bərpa olunur və əhali geri qayıdır. Artıq on minlərlə vətəndaşımız öz dogma yer-yuvalarına dönüb. Bərpa olunan şəhərlərdə, rayonlarda, kəndlərdə infrastrukturlar yaradılır, iş yerləri açılır, məktəblər, bağçalar tikilir. O cümlədən dövləti təmsil edən strukturlar fəaliyyətə başlayır. Və təbii ki, öz yurdlarına qayıdan vətəndaş öz deputatını da yanında görmək istəyir. Vətəndaş istəyir ki, onu təmsil edən millət vəkilini artıq öz dogma yurdunda, şəhərində, kəndində seçsin. Bərpa edilən Xankəndində, Şuşada, Xocalıda, Ağdərədə, Füzulidə və sair yurd yerlərində yenidən yaşayan vətəndaşımız məskunlaşdığı seçki məntəqəsində səs vermək istəyir. Öz deputatını öz yurdunun seçki məntəqəsindən seçmək istəyir. Bunun hüquqi əhəmiyyəti olduğu kimi bir mənəvi əhəmiyyəti də var. Vətəndaş öz kəndində Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq səs verəcəyini həyacanla və sevinclə gözləyir. Bu səsvermə işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin özgüvənini, dövlətə etibarını, inamını stimullaşdırır. O cümlədən ilk dəfə Xankəndindən, Xocalıdan səs alanlar da millət vəkili kimi yeni dövrün tələblərinə cavab verəcəklər. Köçkün vətəndaşımız olmadığı kimi, köçkün millət vəkili terminindən də qurtulacağıq.  Biz həmçinin ikili standartlarla idarə olunan və heç də bizi sevməyən dünya güclərinədə növbədənkənar prezident seçkilərində olduğu kimi növbədənkənar parlament seçkilərində də bütöv Azərbaycan mesajı verəcəyik. O mesajda Böyük Qayıdış var, o mesajda erməni vandalları tərəfindən dağıdılmış Qarabağın bərpası var, o mesajda əhalinin öz yurdunda öz millət vəkilini seçməsi var və nəhayət o mesaj da haqqın, hüququn, ədalətin bərpası var.

Əminəm ki, niyə növbədənkənar parlament seçkiləri keçiririk sualını verib, amma qəsdən cavabını başqa yerə yozanlara da cavab verdim, sualın cavabını səmimi bilmək istəyənlərdə nə dediyimi anladılar. Yazımı Prezident İlham Əliyevin fikirləri ilə başladıq və onun bu fikirlərə qoyduğu nida ilə də bitirmək istəyirəm. Sitat: “İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək”. Sitatın sonu. 

Şöhrət El-Dəniz

visiontv.az