Azərbaycan-Qırğızıstan münasibətləri bu gün!
26.04.2024

Bu gün Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi, mədəni əlaqələrini inkişaf etdirir. Azərbaycan və Qırğızıstan dövlətləri tarixən birgə münasibətlərdə olmuş, məlum zaman kəsiyində eyni imperiyanın, eyni ittifaqın tərkibində bir mərkəzdən idarə olunmuşdular.

Hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr sahəsində qarşılıqlı addımlar atmışdır. Əlbəttə ki, bu isti münasibətlərin əsasında milli kökümüz, eyni dil ailəsinə mənsubluğumuz, din birliyimiz də mühüm rol oynamışdır.  Artıq Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasından 31 il keçir. 1993-cü ilin dekabrında MDB Dövlət başçılarının Sammitində Ümummilli lider Heydər Əliyev və o zaman Qırğızıstan prezidenti olmuş Əskər Akayev iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində konkret addımlar müəyyən etmişlər.

Son illər ölkə başçıları səviyyəsində qarşılıqlı səfərlərin ənənə halını alması hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin artmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur. Möhtərəm prezident cənab İlham Əliyev 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Jarapovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etmişdir: “Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir.”

Bu gün Qırğızıstandakı Azərbaycan diasporu 20 minə yaxın soydaşımızı ətrafında birləşdirir. Bu insanların əksəriyyəti 1937-1938-ci illərin repressiyaları zamanı sürgün olunmuş ailələrin övladlarıdır. Onlar ölkənin mədəni və sosial həyatında, iqtisadiyyat və biznes sahəsində fəal iştirak edirlər.

24 aprel görüşü zamanı dövlət başçıları arasında 10-dan çox saziş və Anlaşma Memorandumu, Birgə Bəyannamə imzalanmışdır. Qırğızıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövlətinin vəsaiti hesabına Ağdamın Xıdırlı kəndində məktəb binasının tikilməsi işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə qardaş dəstəyi kimi gözəl nümunədir.

Türk dünyasının görkəmli nümayəndəsi, əsərləri ilə qəlbimizə yol tapmış Qırğızıstan Xalq Yazıçısı Çingiz Aytmatovun xatirəsinə hörmət əlaməti olaraq yazıçıya Bakıda heykəl qoyulması Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin yaxınlaşmasında təqdirəlayiq hal kimi qeyd edilməlidir.  Son günlərin hadisələri bir daha sübut etdi ki, ölkəmiz uğurlu xarici və daxili siyasət nəticəsində dünya miqyasında inkişaf edir, haqq etdiklərini qazanmadan geri çəkilmir!.

Vüsalə Məmmədli;
Neftçala rayonu, müəllim