Avropanın Şeytanı...
Avropanın Şeytanı...
22.07.2024 Bəybala Mirzəyev Tərəfindən

Maraqlıdır, görəsən, bu dəfə Londonda aranı qarışdıran kim oldu? İlham Əliyevlə Nikol Paşinyanın görüşünə kim mane oldu?

Rəsmi Bakı bildirir ki, sözügedən görüşdən son anda imtina edən tərəf məhz Ermənistan tərəfi olub. Və bu həqiqətən də belədir. Ancaq həyasızcasına yalan danışmağa, həqiqətləri təhrif etməyə vərdiş etmiş Ermənistan XİN-in sözçüsü Ani Badalyan isə iddia edir ki, guya, Ermənistan yox, Azərbaycan tərəfi görüşdən imtina edib. Bu ağ yalanı əsl erməni qırmızılığı ilə davam etdirən Arsen Xarratyan, Stepan Danielyan kimi propaqandaçı politoloqlar isə iddia edirlər ki, son dövrlərdə ikitərəfli danışıqlara üstünlük verən Azərbaycanın Londondakı görüşdə, nədənsə, birdən-birə Böyük Britaniyanın baş nazirinin də iştirak etməsinə cəhd göstərdiyinə görə Paşinyan da bu formata etiraz əlaməti olaraq görüşdən imtina edib.

Ancaq əsl həqiqətdə isə bu iddiaların heç biri gerçəkliyi əks etdirmir.

Çünki Əliyev və Paşinyanın London görüşü də eynilə Münhen Təhlükəsizlik Konfransında iki lider arasında baş tutmuş görüş formatında olacaqdı. Belə ki, Münhendə Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan liderləri arasında davam etmişdi. Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısına ev sahibliyi edən Böyük Britaniya tərəfindən də eyni formatlı görüş təklif olunurdu. Görüşün əvvəlində Britaniyanın Baş naziri Kir Starmer qonaqları salamlayıb açılış edəcək, sonra isə görüş Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli formatda davam etdiriləcəkdi.

Lakin Arsen Xarratyanın və onun digər politoloq həmkarlarının bu ssenari üzrə baş tutacaq görüşü ikitərəfli deyil, qəsdən üçtərəfli görüş formatı kimi təqdim etmələri ənənəvi erməni saxtakarlığının təzahürüdür.

Təəssüf ki, London görüşünün baş tutmamasının əsl səbəbini və səbəbkarını göstərmək üçün indi nə Nikol Paşinyanda, nə Ermənistan XİN-in başçısı Ararat Mirzoyanda, nədəki erməni ekspertlərinin heç birində elementar obyektivlik və ədalət hissi belə çatışmır.

Məsələ burasındadır ki, Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak edən həm liberal-demokrat dünyagörüşlü liderlər (Olaf Şolts, Kir Starmer, Gitanas Nauseda, Aleksandr Stubb, Yens Stoltenberq və b.), həm də mühafizəkar mövqeli dövlət və hökumət başçıları (İngiltərə kralı III Çarlz, Macarıstanın Baş naziri Viktor Orban və b.) sözügedən toplantı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi ideyasına isti yanaşır və dəstəklərini ifadə edirdilər.

Bəs, Londona yığışmış Avropa liderləri arasında bu görüşün baş tutmasını istəməyən yeganə şəxs kim ola bilərdi?

Bunun üçün dərindən fikirləşməyə, baş sındırmağa ehtiyac yoxdur.

Bəli, Avropanın Şeytanı rolunda çıxış edən o şəxs məhz Emmanuel Makrondur. Bu Zirvə toplantısına qatılan 57 lider arasında Azərbaycan əleyhinə yeganə qərəzli çıxış edən şəxs də məhz Makron oldu. Fransız lider Böyük Britaniyaya qarşı ənənəvi qısqanclıq hissini, Azərbaycana qarşı isə türkəfob və islamofob yanaşmasını heç cürə gizlədə bilmədi.

Bir 1 nəfər şəkili ola bilər

Nikol Paşinyana İlham Əliyevlə görüşməməyi də məhz Makron tapşırıb.

Niyə tapşırıb?

Makronun bu addımı əlbəttə ki, Ermənistanın maraqlarını güdməsindən irəli gəlmir.

Ortada Fransanın Böyük Britaniya ilə Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət məsələsi var. Xüsusən də Zəngəzur dəhlizinə görə fransız "xoruz"u ilə ingilis "şir"i bir-birilərini rəsmən didməyə hazırdırlar. Üstəlik, Makron Böyük Britaniyanın hakim və işgüzar elitasının Azərbaycana qarşı rəğbət bəslədiyini və yeri gələndə dəstəklədiyini yaxşı bilir.

Fransa prezidenti bütün bu amilləri nəzərə alaraq təxribata əl atdı, Əliyev-Paşinyan görüşünün baş tutmasına mane oldu.

Bu, erməni-fransız tandeminin Londonun sülh təşəbbüsünə və geosiyasi planlarına qarşı açıq təxribatı idi.

Lakin görünür onlar görüşdən imtinanın bu qədər böyük ajiotaj doğuracağını isə qətiyyən gözləmirdilər. Makronun sərsəm tövsiyyəsi Ermənistanı növbəti dəfə axmaq duruma saldı.

Bütün Avropa ictimaiyyəti əyani surətdə gördü ki, real sülhdən qaçan tərəf məhz Ermənistandır və Paşinyanın sülh ritorikası da populistlikdən başqa bir şey deyil. Bəlkə də Makron da bundan sonra bir daha heç vaxt Ermənistana qarşı bundan daha betər pisliyə imza ata bilməyəcək. Şekspirin məşhur ifadəsi ilə desək, "Mavr öz işini gördü, Mavr gedə bilər” (Makron öz pisliyini etdi, Makron gedə bilər).

Olan isə, necə deyərlər, yenə də Paşinyana və Ermənistana oldu. Paşinyanın görüşdən imtina etməsi Ermənistanın Makronun "xeyir-dua"sı ilə əsl özünüifşa seansına çevrildi.

Ermənistan baş nazirinin mətbuat xidmətinin rəsmi İrəvanın sülh danışıqlarına sadiqliyi barədə bu gün yaydığı bəyanat isə, sadəcə, daldan atılan daşın topuğa dəyməsinə bənzəyir. Bu cür bəyanatlar onsuz da heçnəyi dəyişmir. Bundan sonra İrəvanın göz yaşlarına inanan olmayacaq.

P.S.

Lakin Paşinyanın və Makronun iradəsindən asılı olmayaraq sülh prosesi davam edəcək.

P.P.S.

Zəngəzur dəhlizi məsələsi yaxın vaxtlarda daha da aktuallaşacaq. Və ən maraqlısıdır ki, bu məsələdə demək olar ki, bütün böyük güclərin maraqları üst-üstə düşür. Paşinyan və Makron isə buna mane olmaq iqtidarında deyil.

Bəybala Mirzəyev

visiontv.az