Dünyada baş verənlərin sxemi asta-asta görünməyə başlayır. Öncə Rusiyanın Ukraynaya hücumu və böyük müharibənin başlaması, ardınca da Həmasın İsrailə hücumu ilə başlayan Yaxın Şərq çalxalanması. İndi qalır Ukrayndan Yaxın Şərqə bir xətt çəkib növbədə hansı bölgənin olduğunu anlamaq.
ABŞ prezidenti Cozef Bayden Ukrayna ilə İsrailə hərbi yardımla bağlı Konqresə yolladığı təklifi təsadüfən eyni paketə daxil etmədi. Netanyahu hökumətinin Rusiyaya qarşı heç bir addım atmamaq naminə Ukraynaya hərbi yardımdan hər cür yayınmasına rəqmən Putin İsrailə olan hücumu açıq şəkildə dəstəklədi.
Qərb yeni dünya düzəninə ehtiyac olmasının amonsunu verdi, Rusiya isə yeni silahlarının mövcudluğunu bəyan etdi. Kimin nə dərəcədə hazırlıqlı olduğunu və ya sadəcə qorxu yaratma taktikasına əl atdığını demək asan deyil, amma mövcud şəraitdə müdafiəyə hazır olmaq əsas vəzifədir.
Bayden Avropa Birliyi liderləri ilə Ağ Evdə, Putin isə Çin rəhbəri ilə Pekində faktiki eyni vaxtda görüş keçirdilər. Bunlarla yanaşı Çin və ABŞ Yaxın Şərqə öz hərbi gəmilərini toplamağa başlayıblar. Deməli, artıq təkcə Ukrayna-Yaxın Şərq xətti deyil, qütblər də müəyyənləşib. Başqa sözlə desək, hər kəs səhnəyə çıxdı.
İndi qalan bircə Rusiyanın Yaxın Şərqə çıxışıdır ki, bunu etmək üçün də Moskva Cənubi Qafqaza, xüsusilə də Azərbaycana təsirini artırmalıdır. Qərbin isə həmin yolu iki yerdən kəsmək imkanı var: Cənubi Qafqazdan və İrandan. Amma bu, heç də xəritədə göründüyü qədər sadə və asan deyil.
İrana qarşı atılacaq istənilən addım Rusiyanın Yaxın Şərqə daha aktiv müdaxiləsinə rəvac verə bilər, Cənubi Qafqaza isə Qərbin təsir imkanları yetərincə məhduddur. Bundan başqa da resurslar yetərli deyil. Nəhayət, Rusiya Qərbi hər iki nöqtədə - Ukraynada və Yaxın Şərqdə qabaqladı. Hər ikisində də hərbi gücdən istifadə etməklə.
İndi Avrasiya uğrunda mübarizə 2 qütb arasında davam edəcək: Rusiya-Çin-İran və ABŞ-Avropa-İsrail qütbləri arasında. Əksər ərəb ölkələrinin və Türkiyənin mövqeyi isə hələ aydın deyil. Hətta ABŞ-la müttəfiq olan ərəb ölkələri də Həmas-İsrail savaşından sonra ondan uzaqlaşmağa başladılar, Türkiyə isə gözləmə mövqeyi tutmaqdadır.
Ən pisi odur ki, qütblər arasında danışıqlar aparmaq imkanı və məkanı da durmadan daralmaqdadır, çünki artıq mübarizə döyüş meydanlarına keçib. Orada da "həqiqət" güclünün tərəfində olacaq. Yaxın Şərqdə böyük müharibə ehtimalı varmı? Əlbəttə var, amma bunun ən yaxın zamanlarda baş verəcəyi mümkün deyil.
Çünki istənilən müharibə resursların və güclərin döyüş meydanında və ya onun ətrafında toplanmasından sonra başlayır ki, bu da hələ tezliklə olmayacaq. Odur ki, hələlik proxy müharibələr davam edəcək və mümkündür ki, onların coğrafiyası genişlənəcək. İstisna deyil ki, o cümlədən də Qafqazda.
İndi təəssüf ki, Azərbaycanın da proxy hücumların hədəfinə gəlmək ehtimalı durmadan artmaqdadır. Belə proxy qruplar isə mövcuddur və onlardan xüsusilə cənub qonşumuz olan İranın geniş tətbiq etdiyi asimmetrik müharibə taktikasında istifadə olunur. Rusiyada bu sxemə müxtəlif separatçılar və "Vaqner" kimi qruplar daxildir.
Mövcud şəraitdə Azərbaycan Gürcüstan xaric qalan bütün qonşuları ilə sərhədlərinin yaxınlığında müdafiə imkanlarını artırmalıdır. O cümlədən də Xəzər dənizi sahilləri boyu və vaxtilə darmadağın edilmiş HDQ-nin Xəzərdə qalmaqda olan gəmiləri və DSX-nin sahil mühafizə xidmətinin hesabına. Yəni, həm suda, həm də quruda.
İsrailə qarşı həyata keçirilən hücum təkcə destabilizasiya və zərbə endirmək məqsədi güdmürdü. Bu, həm də modelin testi idi. Model uğurlu alındığından onun və ya ona yaxın variantın bu dəfə Cənubi Qafqazda işə salına biləcəyi istisna deyil. Dağıdıcı gücə qarşı yeganə təsirli vasitə isə daha böyük gücdür. Özü də onun beşiyində.
Ərəstun Oruclu
visiontv.az