Ankarada Xocalı soyqırımının 32-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib
26.02.2024

Türkiyənin paytaxtı Ankarada Xocalı soyqırımının 32-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi və Keçiören Bələdiyyəsi tərəfindən təşkil olunan tədbirdə ictimai-siyasi xadimlər, şəhər sakinləri və media nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən Keçiören Bələdiyyə başqanı Turgut Altunok Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz növbəsində deyib ki, Xocalıda ermənilər tərəfindən törədilən qətliamın soyqırımı olmasına dair yetərli qədər sübut olsa da Qərb ölkələri və ictimaiyyəti bunu görmək və qəbul etmək istəmir: “Xocalı qatilləri illərdir ki, cəzalarını çəkməyiblər. Beynəlxalq ictimaiyyət bu ədalətsizliyi görməzdən gəlir. Lakin Azərbaycan və Türkiyə 30 il əvvəlki ölkələr deyillər və cinayətkarları məhz Azərbaycan, Türkiyə və türk dünyası birlikdə məsuliyyətə cəlb edəcək”.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dünyaya demokratiya dərsi verən Qərb dövlətlərinin Xocalı soyqırımı məsələsində səssiz qaldığını bildirib. Səfir onu da xatırladıb ki, Xocalı soyqırımı qurbanlarının basdırıldığı kütləvi qəbiristanlıqlar aşkar edilib. Səfir Azərbaycan xalqının illər ərzində intiqam hissi ilə yaşadığını və Xocalıya ədalətin son dərəcə vacib olduğunu vurğulayıb.