ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsinə dəstək artır
29.05.2024

Hazırda, 32 konqresmen bu qanun layihəsini dəstəkləyir ki, bu da Azərbaycanı güya davamlı insan haqlarının pozulması, o cümlədən, "Qarabağ ermənilərinə qarşı törədilmiş cinayətlərə qarşı sanksiyalar tətbiq edilməsini" nəzərdə tutur; bunların 26-sı Demokrat Partiyadan, 6-sı isə Respublikaçı Partiyadan olan konqresmenlərdir. Azərbaycan tərəfi deyəndə ki, ABŞ-da artan Azərbaycan nifrətinin arxasında birbaşa erməni lobbisi dayanır və ABŞ siyasətçiləri onların maliyyəsinin kölgəsinə çevrilib, bəziləri qəbul etmirdi. Davam edək:

Sənədin müəllifləri, konqresmenlər Dina Titus və Qus Bilirakis, 44 Azərbaycan rəsmisinin adını çəkərək, bu siyasi və hərbi şəxslərin həm Azərbaycan vətəndaşlarına, həm də ermənilərə qarşı törədilmiş cinayətlərdə iştirak etdiklərini iddia edirlər.

Qısaca görək, kimdir bu Titus?

Titusun vəkilliyinə xüsusilə Nevada ştatında onun seçki dairəsində əhəmiyyətli bir erməni-amerikan icmasının olması təsir göstərir. Onun qanunvericilik fəaliyyəti Azərbaycan məmurlarına qarşı yönəlib ki, Qarabağ ermənilərinə qarşı törətdikləri əməllərə görə cavabdehlik daşısınlar. Bu barədə isə o konkret erməni seçiçi dəstəyi və lobbi pulu almaqdadır.

Erməni-Amerika icması və onun nümayəndələri arasında bu qanuna dəstək güclü olub və Titusu ABŞ Konqresində erməni məsələlərinin əsas müdafiəçisi kimi görüb. Bu, onu Ermənistan və Azərbaycanla bağlı beynəlxalq müzakirələrdə, xüsusən də Qafqaz regionunda davam edən gərginlik və münaqişələr kontekstində mühüm fiqur kimi göstərməyə xidmətə cəhddir.

Əgər Bayden administrasiyası Azərbaycan rəsmilərinin guya "cinayətkar olduğunu təsdiqləsə", onlara Magnitski Aktı tətbiq ediləcək, onların aktivləri dondurulacaq və ABŞ-a girişləri qadağan olunacaq.

İttihama görə, "9 aydan çox davam edən və qida, dərman və digər zəruri malların kəskin çatışmazlığı ilə nəticələnən blokada; qondarma rejimə qarşı qanlı hücumlar; etnik təmizləmə; onlarla erməni, o cümlədən keçmiş Artsax rəsmilərinin həbsi və s. şəkildə pozulması ilə əlaqədar təsadüfi həbslər" daxildir.

Amerikalı konqresmenlər, son hərbi əməliyyatlar zamanı ermənilərin əsir götürülməsi epizodlarını xatırladaraq, Azərbaycan tərəfinin belə hərəkətlərinin Bakının sülh barədə bəyanatlarına etibar yaratmadığını iddia edirlər.

Çox maraqlıdır və müstəsna həyasızlıq nümunəsi kimi ortaya əməlli-başlı nəticə qoyurlar və Azərbaycana açıq şəkildə deyirlər ki, separatçılara qarşı dözümlü olmalı imiş, ölkəyə qarşı konstitusion cinayət əməllərinə qarşı tədbir görməli deyilmiş və Qarabağda hökümət qurmağa cəhd edən çirkli pullar kralı Vardanyan həbs edilməlidir deyilmiş. Nəhayət, maliyyə məsələsi burda üzə çıxır. ABŞ Konqresmeni üçün Vardanyan adlı şəxsin heç bir önəmi yoxdur. Önəmli olan adamların kapitalının olması imiş ki, ondan bir parça dadmaq naminə Azərbaycan əleyhinə onlarla sxta hüquqi ittiham tapmağa baş yorurlar.

Hətta o qədər irəli gediblər ki, indiki durumu "davam edən danışıqlara zərbə" adlandırıblar. Elə bu yerdə qeyd edək:

Nikol Paşinyan güman ki, bu prosesin əsas dəstəkçilərindən biridir və qeyri-diplomatik alətlərlə masada əlini gücləndirməyə çalışır. Onda Azərbaycan niyə Ermənistandan birbaşa tələb etməsin ki, ABŞdakı hoqqalarını dayandırsınlar, yoxsa danışıqlar prosesi pozula bilər..

(Qəbul edirik ki, Ermənistanda kilsə və lobbi hakimiyyətlə fərqli düşünür. Azərbaycan hələ ki, bu üçlüyün yalnız biri ilə kontakt qura bilib. Lakin bütün təkziblərə rəğmən, indiki Ermənistan hakimiyyəti güclü qərb dəstəyinə malikdir və bu, onların danışıqlarda birbaşa məsuliyyətinə çevrilməlidir. Yox ,bunu guya bacarmazsa, ən azından Ermənistan qərbdəki erməni lobbisinə qarşı Azərbaycanla birlikdə cəbhə almalıdır).

Özü də fikir verək ki, Ermənistan mediasında daha çox adları tirajlanan Baş Qərargah rəisi Kərim Vəliyev, Sərhəd Qoşunlarının rəhbərliyi, Xüsusi Təyinatlılarının komandirləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev, Hərbi Polis nümayəndələri qrupu, aparat rəhbəri Samir Nuriyev və onlarla hakimi, prokuroru və məmurları cəzalandırılmasını tələb edirlər.

"Dina Titus, prezident Baydenin partiyasının üzvü kimi deyir ki, “Onların cavab vermə vaxtı gəlib, belə hərəkətlərə görə məsuliyyət daşımalıdırlar.”

Sənəd dövriyyəyə buraxıldıqdan bir neçə gün sonra, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, son aylarda ABŞ hökumətinin Azərbaycana qarşı apardığı siyasəti qınayıb və Samantha Power tərəfindən idarə olunan, ermənilərlə əlaqəsi olan Amerika təşkilatının Azərbaycanda fəaliyyətinin qadağan edilməsini tələb edib və bu faktı müzakirə etmək üçün dərhal Vaşinqtona yollanıb.

Vaşinqtonda o ABŞ Dövlət Katibinin müavini Yuri Kimlə görüşüb, o, da son zamanlarda Bakıya qarşı sərt açıqlamalar vermişdi. Hacıyev, Amerika diplomatik departamentinin bir qrup yüksək rütbəli rəsmisi ilə yanaşı, Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Sallivan tərəfindən də qəbul edilib.

Azərbaycan-Amerika danışıqları haqqında hesabatlarda Bakı tərəflərin ikitərəfli münasibətləri, regional və beynəlxalq təhlükəsizlik mühiti, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi barədə müzakirə apardıqlarını vurğulayıb.

Əziz Əlibəyli. STM-in Media və Kommunikasiya departamentinin rəhbəri

visiontv.az