Ukraynalı qadın Bakıdakı məşhur salonun Solyarisində yandı
24.05.2019

Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı məşhur solyari salonu olan “Megasun”da yanıq xəsarətləri alıb.

Trend-in yazdığına görə, hadisə solyari salonunun Səbail rayonu, Puşkin küçəsi, ev 10 ünvanında yerləşən filialında qeydə alınıb.

Belə ki, salona qaralmaq üçün müraciət edən Sikorsko Alla Fraçovnanın seans zamanı boynunun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafı yanıb. 

O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Qadına birinci dərəcəli yanıq diaqnozu qoyulub.

 “Megasun Solarium Studio”faktı təsdiqləyərək bildiriblər ki, Sikorsko Alla onların daimi müştərisidir:

“Yanvar ayından bu xanım bizim salonumuza gəlir və mütəmadi olaraq dərisini qaraltmaq üçün solyari prosedurundan istifadə edir. Ən son mayın 17-də, yəni altı gün öncə mərkəzimizdə olub.

Müştəri bizə müraciət edəndə öncə qeydiyyata alırıq. Daha sonra onun dərisinə uyğun solyari vaxtı təyin olunur. Əgər hər hansısa müştəri solyaridə daha çox qalmaq istəyirsə, buna müvafiq olaraq açılan anketə imza atır. Məsuliyyət isə onun boynunda qalır”.

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, qadın xəstəxanaya iki gün əvvəl müraciət edib:

“Axşam saatlarında sözügedən xanım mərkəzimizə müraciət edib. Həkim müayinəsi zamanı ona boyunun ön nahiyəsinin, sinə və hər iki yuxarı, aşağı ətrafların birinci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Xanım yalnız bir dəfə bizə müraciət edib və gecə ambulator şəraitdə müalicə aldıqdan sonra öz istəyi ilə evə buraxılıb”.