Süd vəzinin fibroadenoması
03.04.2019

son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.

Vision TV e-tibb.az-a istinadən məlumatına görə,son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.

Bunu radioloq-mammoloq Günel Qəmbərova bildirib.

Onun sözlərinə görə, fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər. Bəlli bir müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə, menopauza dönəmində isə ölçüləri kiçilir.

Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz USM və mammoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.

Fibroadenomalara nə zaman müalicə lazımdır, sualına cavab olaraq mammoloq “Əgər fibroadenoma ağrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicə tələb olunmur. Belə olduğu halda, yalnız və yalnız kontrol USM və mammoqrafiya tələb olunur. Əgər ölçü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi müalicə tələb olunur. Fibroadenoma ancaq və ancaq cərrahi müalicə ilə aradan götürülür, onun konservativ müalicəsi yoxdur. Əməliyyat növü mammoonkoloq-cərrah tərəfindən seçilir”, deyə bildirib.