Quranın and içdiyi nəfsi-ləvvamə və ya vicdan
17.12.2018

Quranın and içdiyi nəfsi-ləvvamə və ya vicdan

Qurani Kərimdə tez-tez rast gəlinən ayələrdən biri də andla bağlı ayələrdir. Təfsir alimləri andla bağlı ayələrin təfsirində qeyd edirlər ki, Mütəal Allah bu ayələrlə insanın dili ilə danışır, yaxud and içilən bir şeyin mühümlüyünü çatdırır.

Bu ayələrdən biri də Qiyamət  surəsinin  2-ci ayəsidir:

"And içirəm özünü qınayan nəfsə!"

Visiontv.Az islaminsesi.info-ya istinadən bildirir ki, əxlaq ustadları nəfsi bir neçə məqamlara bölürlər ki, binlardan biridə "ləvvamə" nəfsdir. Bu nəfs insanı pisliyə sürükləyən "Əmmarə" nəfsdən sonra gəlir. Əmmarə nəfs insanı günaha sövq edən, onun gözünü kor edən nəfsdir. Ləvvamə nəfs isə ona etdiyi günah müqabilində peşmançılıq hissi yaşadan nəfsdir. Hətta bəziləri Ləvamə nəfsə danlayan nəfs də deyir.

Təfsir-mizanda Ləvvamə nəfs insanda olan vicdan kimi təqdim olunur. Qeyd olunur ki, Ləvvamə nəfs möminin nəfsidir. O, hər hansı bir layiq olmayan iş gördükdə peşman olur. Daxili hissi onu danlayır. Bu Allahın ona bəxş etdiyi vicdanıdır.

Məcməul-bəyan təfsiri də bu nəfsi insanın vicdanı kimi təqdim edir. Lakin Mizan təfsirindən fərqli olaraq yalnız möminə aid etmir. Bunun həm mömində, həm də kafirdə olduğunu bildirir. Çünki bu insani bir hissdir.

Hər halda bu nəfs insan üçün dəyərli bir cövhərdir və Allah buna and içir. Bu nəfs sanki insan üçün daxili bir məhkəmə rolunu oynayır. İnsanı etdiyi əməlləri müqabilində mühakimə edir. Etdiyi nalayiq işləri, günah əməlləri ona göstərir və ona peşmançılıq hissini yaşadır. Təfsirə əsasən bu müqəddəs hiss vicdandır ki, Mütəal Allah onu dəyərli bilib ona and içir.