Qazdan sonra işığa tətbiq olunmuş limit artırıla bilər, yaxın günlərdə məsələyə baxılacaq
02.05.2019

Əhaliyə satılan təbii qaza tətbiq olunmuş limitin tamamilə ləğvi də istisna deyil

 Bu gündən etibarən təbii qazın əhaliyə pərakəndə satış tarifi üzrə illik istehlak həcminə tətbiq olunmuş limit 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb. Maraqlıdır, bu limitin də aradan qalıdırılması yaxud tamamilə ləğv edilməsi necə, müzakirə predmetidirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov və iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a mövzunu şərh ediblər.

 

V.Əhmədov limitin artırılması məsələsinin bir neçə aydır müzakirə olunduğunu deyib: "Belə bəlli oldu ki, əhalinin 70 faizi, təxminən 1700 kub metrədək qaz istehlak edir və əhalinin yalnız 30 faizi bu limiti keçir. Ona görə əhali üçün nəzərdə tutulan qazın gəlir xərclərinə baxanda görürük ki, burda o qədər yüksək gəlir yoxdur. Yəni "Azəriqaz"ın gəliri, təxminən 50 milyon manata yaxındır. O səbəbdən qazın limitini kifayət qədər qaldırmağı çox da uğurlu hesab etmək olmaz".

"Amma bütün bunlara baxmayaraq, hər zaman çıxışlarımda limitin qaldırılmasının vacibliyini vurğulamışam. Bu isə 1 milyon 500 nəfərə yaxın şəxs üçün böyük vəsait, hər kəs üçün, təxminən 50 manat dəyərində əlavə ödənişdir" - deyə deputat vurğulayıb.

O, mavi qaza tətbiq olunan limitin, tamamilə ləğv olunmasına isə belə münasibət bildirib: "Prezident tərəfindən aparılan islahatlar daha da dərinləşdirilir. Ola bilər ki, mavi yanacaqda limitin tamamilə ləğv olunması üçün dövlət büdcəsinin müəyyən qədər ehtiyatları var və düşünürəm ki, bu, o qədər də böyük problem olmamalıdır. Bu, ya Dövlət Neft Şirkətinə hansısa bir dotasiyanın verilməsi, ya da Dövlət Neft Şirkətinin gəlirləri hesabına baş tuta bilər".



Millət vəkili işıqla bağlı bənzər addımın atılması istiqamətində görülən işlərdən də danışıb: ""Azərişıq"la bağlı problem o qədər də ciddi deyil. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə bağlı rəqəmlərə baxdıqda bəlli olub ki, əhalinin 80 faizi 300 kilovatadək işıq istehlak edir. Düzdür, Milli Məclisdə biz bu məsələyə də toxunmuşuq. Yəqin ki, yaxın günlərdə bu məsələyə də baxılacaq".

İqtisadçı R.Həsənovun fikrincə isə, gələcəkdə ümumiyyətlə bütün sahələrdə limitlər ləğv olunmalıdır: "Çünki istehsalatın xərcləri aşağı düşməlidir. Belə olarsa, Azərbaycanda həm istehsalat prosesində maya dəyəri azalar, həm də biznes mühiti daha da aktivləşər. Lakin bu, o demək deyil ki, biz bu addımın hansısa bir halda dövlət büdcəsindən subsidiyalaşdırılmasını iddia edirik".

"Burada əsas xətt "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətinin şəffaflaşdırılması, xətlər üzərində çox ciddi nəzarət mexanizmlərinin qurulması, texniki infrastrukturun təkmilləşdirilməsinə yönəldilməlidir. Yalnız bu yolla itkilərin qarşısını alaraq mavi qazın maya dəyərini əhəmiyyətli səviyyədə azaltmaq mümkün olar. Belə olan halda həm də əhalinin ailə büdcəsinin idarəsi üçün optimal bir şərait formalaşmış olacaq və son bir neçə ildə dəyərsizləşən gəlirlərin müqabilində alıcılıq gücü müəyyən qədər artacaq" – deyə ekspert əlavə edib.

R.Həsənovun sözlərinə görə, elektrik enerjisinin satışı ilə bağlı da bənzər problemlər qalmaqdadır: "Ötən il baş verən qəza onu göstərdi ki, əslində, bu sahədə də korrupsiya, mənimsəmə faktı baş verib və bu, o demək deyil ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti artıq bu problemlərdən təmizlənib. Çünki bu istiqamətdə hələ ki, hansısa ciddi addımlar atılmayıb. Bu istiqamətdə köklü dəyişikliklərin edilməsi və özəl sektorun da prosesə cəlb edilməsi yolu ilə elektrik enerjisinin maya dəyərini aşağı salmaq olar. Bununla da əhaliyə elektrik enerjisinin satışını daha aşağı qiymətə həyata keçirmək mümkün olacaq".



"Gələcəkdə əsas istiqamət dövlət büdcəsindən subsidiya almaqla bu sahədə hansısa güzəşt tətbiq etməyə fokuslanmamalıdır. Sadəcə olaraq bu qurumların fəaliyyəti təkmilləşdirilməli, infrastrukturun keyfiyyəti artırılmalıdır. Hesablama Palatası da bu istiqamətdə daha çox səy göstərməlidir. Çünki həm "Azəriqaz" İstehsalat Birliyi, həm "Azərişıq" və "Azərenerji" ASC-lərin fəaliyyəti kiçik sosial qrupu təsirləndirmir. Bu proses, ümumilikdə götürdükdə, ölkə əhalisinin hər bir fərdinə toxunur" – deyə mütəxəssis əlavə edib.

Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi./sputnik.az