Politoloq: "Ermənistan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməklə problemlərini ört-basdır etməyə çalışır"
13.03.2019

Politoloq: "Ermənistan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməklə problemlərini ört-basdır etməyə çalışır"

Ermənistan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə öz problemlərini ört-basdır etməyə çalışır.

Visiontv.Az xəbər verir ki, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar atdığı addımlar qeyri-adekvatdır: "Münaqişə baş verəndən indiyə qədər heç vaxt Ermənistan Təhlükəsizlik Şurasının hər hansı yığıncağı Ermənistandan kənarda keçirilməyib. Bu dəfə isə Paşinyanın rəhbərliyi ilə Şuranın toplantısı Dağlıq Qarabağ ərazisində, Xankəndində keçirildi".

Politoloq vurğulayıb ki, N.Paşinyanın bu addımı sadəcə olaraq həm daxili, həm də xarici siyasətə hesablanmış gedişlərdir: "Çünki aprel ayında Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olur. O, həm daxili, həm də xarici siyasətlə bağlı çıxış etməlidir. Məlum məsələdir ki, sabiq prezident Robert Koçaryanın həbsi, ölkə iqtisadiyyatının tənəzzüldən də ağır bir nöqtəyə çatması və digər məsələlər Paşinyanı çıxılmaz vəziyyətə salır. Belə olan halda baş nazir nə ilə hesabat verə bilər? Deməli, yenə oynanılan Dağlıq Qarabağ kartıdır. Paşinyan və komandası bu kartdan istifadə edərək həm öz vətəndaşlarını, həm də qondarma rejimi sakitləşdirməyə çalışır".

A.Nağıyevin fikrincə, burada bir sıra məqamlar da var: "Bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişməz olduğunu bəyan etməsindən sonra Ermənistan rəhbərliyi məsələni müzakirə etmək üçün Dağlıq Qarabağ ərazisinə gedib. Bundan başqa, Paşinyan dəfələrlə bəyan edib ki, o, Ermənistanın baş naziridir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin heç bir nümayəndəsi icazə verməz ki, onların adından çıxış etsin. Ona görə də guya bununla bağlı mandatı almaq üçün Xankəndinə səfər edib. Yaxşı, bəs necə olur ki, Dağlıq Qarabağ ərazisində Ermənistan əsgərləri hərbi xidmət keçirlər, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirirlər? Əgər Paşinyanın dediyi kimi olsaydı, Ermənistan əsgərləri də Dağlıq Qarabağ ərazisindən çıxmalı idi".

Politoloq qeyd edib ki, Azərbaycan daim öz ərazi bütövlüyünü təmin etməyə çalışacaq və münaqişənin həlli istiqamətində danışıqları davam etdirəcək.