İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20.05.2019

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi keçirilib.

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və digər şəxslər iştirak edib.

Rektor Gülçöhrə Məmmədova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə “dizayn” ixtisası üzrə savadlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır. Rektor qeyd edib ki, AzMİU və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihə 2 il müddəti üçün nəzərdə tutulub. Gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramlarının reallaşdırılması qarşıya qoyulmuş məqsədlərdəndir.

Sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, mərkəzin yaradılması Azərbaycan və İtaliya arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafına dövlət səviyyəsində verilən yüksək diqqət və önəmin bariz nümunəsidir. Nazir belə bir mərkəzin yaradılmasının adı çəkilən iki universitet arasında faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacağını vurğulayıb.

Ceyhun Bayramovun sözlərinə görə, mərkəz Azərbaycanda “dizayn” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının təkmilləşdirilməsinə, bu sahə üzrə iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafına, müvafiq istiqamətdə ortaq tədqiqatların aparılmasına mühüm töhfə  verəcək. Hazırda ölkəmizin bir neçə universitetində “dizayn” ixtisası üzrə mütəxəssis hazırlandığına toxunan Təhsil naziri həmin ali təhsil müəssisələrinin də bu layihədən faydalana biləcəyini diqqətə çatdırıb.

Nazir yeni mərkəzin açılışı münasibətilə AzMİU kollektivini təbrik edib və  onlara uğurlar arzulayıb.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini də öz növbəsində Azərbaycan-İtaliya arasında təhsil sahəsində mövcud əməkdaşlığa toxunub və mərkəzin “dizayn” ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər qonaqlar da mərkəzin açılışını yüksək qiymətləndiriblər.

Sonra mərasim iştirakçıları “dizayn” ixtisası üzrə təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında hazırladığı layihələrin təqdimatına baxıblar. 

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.