İsrailin unikal kosmik missiyasına start verilib
22.02.2019

İsrailin unikal kosmik missiyasına start verilib

Fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan kosmonavtika tarixində unikal olan yeni missiya - İsrailin ilk lunoxodu Aya göndərilib. Beləliklə, İsrail keçmiş SSRİ, ABŞ və Çindən sonra Yerin süni peykinə lunoxod göndərən dördüncü ölkə olub.

Visiontv.Az AZƏRTAC-a istinadən bildirir ki, "Falcon 9" raketi ilə Aya göndərilən İsrail istehsalı olan lunoxodda Tövrat və bu dövlətin bayrağı var. Missiyanın daha bir unikal xüsusiyyəti onun tamamilə özəl vəsait hesabına hazırlanmasıdır. Belə ki, bu vəsaiti lunoxodun yaradıcısı qeyri-kommersiya startapı olan "SpaceıL" firmasına özəl sərmayəçilər ayırıb. Kosmik aparatın buraxılmasını isə İlon Maskın "Space X" şirkəti həyata keçirib. NASA-nın xahişinə əsasən, İsrail lunoxodu ötən əsrdə "Appolon" astronavtlarının Ayın səthinə endiyi yerdən uzaqdakı Aydınlıq dənizi adlanan nöqtəyə enəcək.

İsrail missiyasının daha bir fərqli cəhəti "Falcon 9"un kosmosa eyni zamanda 3 yük daşıyacağıdır. Belə ki, onlardan yalnız biri - lunoxod Aya enəcək, qalan iki yük isə İndoneziya telekommunikasiya peyki və ABŞ-ın kəşfiyyatçı peyki olduğu ehtimal olunan məxfi aparatdan ibarətdir.

İsrailin istehsal etdiyi lunoxod "Google"un hələ 2007-ci ildə keçirdiyi "Lunar XPIZE" adlı müsabiqəsinin məhsuludur. Həmin müsabiqədə dövlət kosmik proqramına daxil olmayan və sırf özəl vəsait hesabına yaradılacaq lunoxod üçün 30 milyon dollar məbləğində mükafat vəd olunmuşdu. Yaponiya, Kanada, Braziliya, Malayziya və digər ölkələrin arasında on ildən çox davam edən rəqabət 2018-ci ilin martında 29 komandadan beşinin öz lunoxodunu kosmosa göndərmək haqqında müqavilələrin bağlanması ilə başa çatıb.

"Lunar XPIZE" müsabiqəsinin rəhbəri Piter Diamandis nəticələri elan etdikdən sonra "yeni kosmik yarış"ın başlandığı elan edilib. İsrail isə beşliyə daxil olan ölkələrdən kosmosa aparat göndərən ilk ölkə olub. "SpaceıL"dən sonra Ayın səthinə ABŞ və Yaponiya lunoxodları göndəriləcək. Lakin ölkələrin göstərilən müddətdə hazırlıq işlərini tamamlaya bilmədiyi üçün "Google"un 30 milyon dollar vəsaiti onların heç birinə çatmayıb. Buna baxmayaraq, yəhudi biznesmenlər Silvan Adamas, Morris Kan İsrailin dünyanın kosmik xəritəsinə əlavə edilməsi üçün 32 milyon dollar vəsait ayırıblar və missiyaya uğurlu start verilib.